Ukrayna cəbhə xəttində robotların tətbiqini sürətləndirir.
Qaynarinfo "The Telegraph”a istinadla yazır ki, bu robotlar artıq müharibənin "yeni siması"na
çevrilib.
Ukraynanın ən yeni hərbi texnologiyalarından biri olan "İlan" adlı robot artıq ön cəbhədə Silahlı Qüvvələrə kömək edir. Bu cihaz təhlükəsiz sığınacaqdan idarə olunan pilot vasitəsilə yerə yaxın hərəkət edərək Rusiya minalarını zərərsizləşdirir və ukraynalı əsgərlərin həyatını riskə atmadan təhlükəni azaldır.
"İlan" Ukraynanın 2025-ci ildə döyüş meydanına çıxarmağı planlaşdırdığı 15 min robot texnikadan ibarət böyük ordunun bir hissəsidir. Məqsəd – daimi döyüşlər və Rusiya ordusunun say üstünlüyü fonunda yaranan insan resursu çatışmazlığını texnologiya ilə qismən kompensasiya etməkdir.
Bu sistemlər əsasən insan həyatını qorumaq üçün hazırlanıb. Lakin bəzi mütəxəssislər xəbərdarlıq edir ki, döyüşün avtomatlaşdırılması düşmənin məhv edilməsinə qarşı mənəvi baryeri zəiflədə və müharibənin təbiətini köklü şəkildə dəyişdirə bilər. Eyni zamanda bu, bizi gələcəyə baxmağa məcbur edir – burada döyüşləri əsgərlər yox, idarəetmə paneli arxasında oturan operatorlar və mühəndislər aparır.
Robotları hazırlayan şirkətlər "The Telegraph”a bildiriblər ki, hazırkı müharibə artıq qismən "maşınlar müharibəsi"nə çevrilib, baxmayaraq ki, hələlik bu texnologiyalar sınaq mərhələsindədir. Məqsəd isə piyada bölmələrini tamamilə əvəzləmək yox, onları gücləndirməkdir.
Hazırda Ukraynada pilotsuz sistemlər üzərində çalışan 500-dən çox hərbi startap fəaliyyət göstərir. Onlar investisiyalar, ianələr və dövlət sifarişləri hesabına dəstəklənirlər. Ukrayna pilotsuz sistemlər üzrə ayrıca bölmə yaradan ilk ölkədir – Pilotsuz Sistemlər Qüvvələri.
"Ukrayna robot texnologiyası sahəsində dünyada liderdir – zəriflik baxımından yox, praktik baxımdan", – deyə Henri Cekson "Society”dən Devid Kiriçenko bildirir.
"Ukrayna diqqətini böyükmiqyaslı və ucuz robotlar yaratmağa yönəldib", – deyən Kiriçenko vurğulayır ki, döyüşdə əldə edilən təcrübələr sayəsində robot modellərində dəyişikliklər bəzən bir həftəyə aparılır.
2024-cü ilin sonunda Ukrayna tarixdə ilk tam robotlaşdırılmış hücumu Xarkov vilayətinin Lıpçı bölgəsində həyata keçirdi. "Xartiya” briqadasının zabiti Şuxay xatırlayır:
"Düşməni tamamilə qəfil yaxaladıq. Bu, görünməmiş bir hadisə idi... Düşmən tam panikadaydı".
Pentaqonun sabiq analitiki Marsel Plixa isə bildirir ki, bu irəliləyiş növbəti mərhələyə – avtonom pilotsuz sistemlərin sürü halında koordinasiyasına keçidi mümkün edir:
"Texnologiya hələ tam hazır deyil, amma bu, qarşıdakı əsas mərhələdir".
Hələlik isə dronlar daha çox logistika, yaralıların təxliyəsi və minalardan təmizləmə kimi mühəndis işlərində özünü göstərib.
NATO-nun keçmiş innovasiya rəhbəri Filip Lokvud qeyd edib:
"NATO-da belə deyirik: dronlar darıxdırıcı, çirkli və təhlükəli işlər üçündür. Onlar qarşıalma, aşkarlama və zərbə funksiyalarını yerinə yetirir. Əsas məqsəd – insan həyatını xilas etmək üçün zaman və imkan qazanmaqdır".
Onun rəhbərlik etdiyi "Stark” şirkəti süni intellekti bütün məhsullarına tətbiq edir. Şirkətin yeni pilotsuz aparatı OWE-V 100 km məsafədə hədəfi vurur və elektron mübarizə sistemlərinə qarşı davamlıdır.
"Sabahkı münaqişələri dünənin sistemləri ilə udmaq mümkün deyil", – Lokvud bildirib.
Bariz nümunə – "İlan" robotudur. O, bir gündə iki hektar ərazini minalardan təmizləyə bilir.
"Nə vaxt ki, bu robotu hazırlayacağımızı dedik, heç kim inanmırdı. Amma indi biz onu hazırlamışıq", – deyə "Rovertech” şirkətinin təsisçilərindən Boris Drojak qeyd edib.
O vurğulayıb ki, Rusiya bu texnologiyanı təkrarlamaq üçün hələ 1-2 ilə ehtiyac duyacaq. "NATO bu texnologiyalara maraq göstərir", – o, əlavə edib.
Daha əvvəl UNİAN yazmışdı ki, Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan yeni super yüngül pilotsuz təyyarələri silahlanmaya qəbul edib. B-1 kompleksi canlı qüvvə, texnika və hərbi obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub.
Bundan başqa, ukraynalılar artıq "Şahed" dronlarını vurmaq üçün zenit dronu hazırlayıb. "AeroKəşfiyyat” təşkilatının rəhbəri Yaroslav Qonçar bildirib ki, Ukraynalı mühəndislər həm hücum, həm də kəşfiyyat dronlarına qarşı mübarizə istiqamətində işləyirlər. "Biz artıq zenit dronunu hazırlamışıq və istifadəyə çox yaxınıq. Bu, artıq gerçəkləşir”, – deyə o vurğulayıb.
"Business Insider” daha əvvəl xəbər vermişdi ki, Ukrayna Rusiya radioelektron müharibə vasitələrindən yayınmaq üçün unikal optik liflə idarə olunan yerüstü robotları sınaqdan keçirir. "Brave1” təşkilatı bu dronların artıq Kiyevdə hərbçilərin diqqətini çəkdiyini bildirib.
Alpər
Şərhlər