ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində, xüsusilə də Rusiya tərəfindən Ukrayna şəhərlərinə qarşı raket hücumlarının davam etməsindən narahat olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə Oval kabinetdə keçirdiyi görüş zamanı danışıb.
Tramp "orada nələrin baş verdiyini bilmədiyini” qeyd edib, amma vəziyyətin "çox pis” olduğunu söyləyib.
"Mən baş verən bombardmanlardan razı deyiləm, çünki onlar (ruslar – red.) hazırda dəli kimi bombalayırlar”, – deyə Tramp vurğulayıb.
O əlavə edib ki, ABŞ həm Rusiya, həm də Ukrayna ilə potensial sülh razılaşması üçün danışıqlar aparır.
"Və sanki yaxınlaşırıq, amma son bir həftədə baş verən bütün bu bombardmanlardan narazıyam. Bu dəhşətlidir”, – deyə Tramp fikrini yekunlaşdırıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ dövlət katibi Marko Rubio da Tramp administrasiyasının Rusiyanın müharibəni dayandırmağa hazır olmasını gözlədiyini bildirmişdi.
Eyni zamanda mediada yayılan məlumatlara görə, Trampın komandasındakı yüksək rütbəli rəsmilər etiraf ediblər ki, Rusiya tərəfinin danışıqlarda irəli sürdüyü əlavə şərtlər səbəbindən ABŞ yaxın aylarda Ukrayna ilə bağlı sülh sazişinə nail ola bilməyə bilər.
Tramp bundan əvvəl də Kremlin sahibi Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenskinin legitimliyini şübhə altına almasına "qəzəbləndiyini” demişdi.
Alpər
Şərhlər