Meningit uşaqlarda sürətlə irəliləyən və ölümcül ola bilən ciddi infeksiyadır. Xüsusilə bakterial meningit vaxtında diaqnoz qoyulmadıqda qalıcı fəsadlara və həyati risklərə səbəb ola bilər. Peyvənd və erkən müdaxilə xəstəliyin qarşısının alınmasında həlledici rol oynayır.
Qaynarinfo xəbər verir ki, beyin və onurğa beynini əhatə edən qişaların iltihabı ilə meydana çıxan meningit xüsusilə uşaqlıq dövründə ciddi sağlamlıq problemlərinə yol açır. Meningitin sürətlə yayılan və həyati təhlükə yaradan bir infeksiya xəstəliyi olduğunu bildirən professor-doktor Ahmet Güzel xəstəliyin erkən diaqnoz və peyvəndlə qarşısının alına biləcəyinə diqqət çəkib.
Ahmet Güzel bakterial meningitin saatlar içində ölümcül nəticələnə biləcəyini və buna görə erkən diaqnozun həyati əhəmiyyət daşıdığını vurğulayıb. O, xüsusilə yaz və payız aylarında yoluxma hallarının artdığını, uşaqlarda meningitin ictimai yerlərdə təmas yolu ilə sürətlə yayıla biləcəyini qeyd edib.
Meningit uşaqlarda yaş qruplarına görə fərqli əlamətlərlə özünü göstərir. Professor bildirib ki, körpələrdə əmizdirmə problemləri, davamlı ağlama, bıngıldaqda şişlik nəzərə çarpırsa, daha böyük uşaqlarda baş ağrısı, boyun tutulması, yüksək temperatur, işığa həssaslıq, göyərmələr və hətta qıcolmalar müşahidə edilə bilər. Bu əlamətlər ciddi qəbul olunmalıdır.
Meningitin səbəbləri arasında ən riskli olanın bakterial mənşəli infeksiyalar olduğunu deyən professor əlavə edib: "Uşaqlarda meningit halları daha çox yaz və payız aylarında görünür. Onların arasında bakterial olanlar daha ölümcül olur. Saatlar içində həyati təhlükə yarada bilər. Amma vaxtında aşkarlanarsa, müalicə oluna bilən bir xəstəlikdir".
Ortaq istifadə olunan əşyaların yoluxma baxımından böyük risk daşıdığını deyən Ahmet Güzel əlavə edib: "Uşaqların qələm, pozan, xətkeş kimi əşyaları bir-biri ilə paylaşması, hətta ağızlarına aparıb sonra başqasına verməsi infeksiyanın yayılmasına səbəb ola bilər. Eyni zamanda elektron siqaret paylaşmaq kimi vərdişlər də yeniyetmələr arasında riski artırır".
Uşaqların ictimai yerlərdə əl gigiyenasına diqqət yetirməsinin vacib olduğunu vurğulayan professor qeyd edib: "Qızdırması olan və ya şübhəli simptomlar göstərən uşaqlar məktəbə və ya oyun sahələrinə göndərilməməlidir. Xəstə şəxslərin maska taxması və yaxın təmasdan qaçması vacibdir. Ailələrin bu mövzuda həssas yanaşması şərtdir".
Meningitdən qorunmanın ən təsirli üsulunun peyvənd olduğunu vurğulayan professorun sözlərinə görə, peyvənd meningitdən qorunmada əlimizdəki ən güclü silahdır: "Uşaqların meningit peyvəndlərini tam şəkildə etdirmələri bu təhlükəli xəstəliyə qarşı onları qorumağın ən təsirli yoludur".
Aydın
Şərhlər