Xəbər lenti

Arxeoloqlar ilk dəfə qladiatorların arenalarda vəhşi heyvanlarla döyüşdüyünü sübut etdi
Dünya 17:22 24.04.2025

Arxeoloqlar ilk dəfə qladiatorların arenalarda vəhşi heyvanlarla döyüşdüyünü sübut etdi

Arxeoloqlar ilk dəfə olaraq vəhşi pişik tərəfindən parçalanmış gənc qladiatorun skeletini tapıblar. Bu insanla iri heyvan arasında döyüşün ilk fiziki sübutudur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Independent" yazıb.

Arxeoloqlar Böyük Britaniyada aparılan qazıntılar zamanı insanla vəhşi pişik arasında döyüşün ilk maddi sübutunu təşkil edən Roma qladiatorunun skeletini aşkar ediblər. Araşdırmalara görə, 26-35 yaş aralığında ölmüş bu kişinin çanaq sümüklərində böyük pişiyə - yəqin ki, şirə aid diş izləri müəyyən edilib. 

Qalıqlar 2004-cü ildə Böyük Britaniyanın Driffild-Terras qəbiristanlığında tapılıb. Bu ərazidəki dəfnlər eramızın II əsrinin əvvəllərindən IV əsrin sonlarına qədər olan dövrə aiddir. Bu isə o deməkdir ki, kişi təxminən 1825-1725 il əvvəl dəfn olunub.

Məhkəmə-tibbi ekspertiza skeletin çanaq nahiyəsində "qeyri-adi" dərin dəliklər və diş izlərini üzə çıxarıb. Bu, tədqiqatda "son dərəcə maraqlı tapıntı" kimi xarakterizə edilib.

Tədqiqatın baş müəllifi, İrlandiyanın Meynut Universitetindən professor Tim Tompson bildirib: "Bu, ilk dəfədir ki, belə bir skelet üzərində heyvan dişi izləri aşkarlanıb"

Onun sözlərinə görə, Roma qladiator döyüşləri və vəhşi heyvanlarla nümayişlərə dair biliklərimiz uzun müddət yalnız tarixi mətnlər və bədii təsvirlərə əsaslanırdı.

"Bu kəşf, həmin dövrdə bu cür hadisələrin həqiqətən baş verdiyini göstərən ilk birbaşa fiziki sübutdur və Roma əyləncə mədəniyyətinə dair təsəvvürümüzü dəyişir", deyə Tompson qeyd edib.

Araşdırma zamanı alimlər qladiatorun başsız skeleti üzərində 3D skan etmə üsulundan istifadə ediblər. Onların diqqətini xüsusilə bud sümüyü boyunca görünən dairəvi izlər cəlb edib.

Arxeoloqlar bu izləri zooparklarda sümük gəmirən heyvanların buraxdığı izlərlə müqayisə ediblər. Məlum olub ki, çita, şir, pələng və leopardların diş izləri skeletdəki izlərlə demək olar ki, eynidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->