"Paşinyan erməni ideologiyasını dəyişməyə meyllidir. Hər halda bu, özünü Paşinyanın çıxışlarında da göstərir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ermənistan baş naziri Nikol Paşinyanın təklif olunan konstitusiyanın Azərbaycanın tələbi ilə yaradılmadığı, "regional əhəmiyyətə" malik olacağı barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.
"Sözsüz ki, ideologiya konstitusiyadan yan keçməyəcək. Bu da əlbəttə ki, ölkəmiz üçün vacibdir. Azərbaycan dəfələrlə bildirib ki, Ermənistanın bölgə üçün yaratdığı problemlərin kökündə ideoloji əsas dayanır. Odur ki, bu təsirsiz keçməyəcək. Bu gözləntilər digər qonşu ölkələrin gözləntilərinə cavab verəcəksə, hər halda sülh şanslarını artıracaq. Yəqin ki, ermənilərin özlərinin də bu bölgədə yaşamalarını asanlaşdıracaq", deyə Arif Əliyev bildirib.
Ekspertin fikrincə, Paşinyanın təklif etdiyi konstitusiyanın "regiona əhəmiyyətə" malik olacağı barədə fikirlərini Azərbaycanın tələb etdiyi məsələlər kimi qoysaq, əhatə dairəsini daraltmış olarıq:
"Burada söhbət təkcə Azərbaycanın tələb etdiyi məsələlərdən getmir. Çünki Azərbaycanın tələb etdiyi məsələlər öz təhlükəsizliyinə yönəlmiş məsələlərdir. Ona görə də Ermənistanın konstitusiyasında ərazi iddiaları ilə bağlı maddələrin çıxarılmasını tələb edirik. Qalan məsələlərlə isə işimiz yoxdur. Paşinyanın dediklərində isə məsələ milli və ideoloji əsaslardan getdiyindən, bu daha geniş məsələdir. Paşinyan da deyir ki, mövcud əsasda adlamaq, qonşulardan tələb etməklə, sağ, sol mənimdir deməklə, millət yaratmaq olmaz. Belə getsə, ermənilər olan qalanlarını da itirəcəklər".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan təklif etdiyi konstitusiyanın Azərbaycanın tələbi ilə yaradılmadığını, "regional əhəmiyyətə” malik olacağını deyib: "Yeni konstitusiya ilə bağlı irəli sürdüyüm tezis çox müzakirə olundu, Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim olundu. Əslində, "Real Ermənistan” ideologiyası kontekstində bunun tamam başqa mənası var. Bu şəraitdə qəbul oluna biləcək mətnin regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün olmasa da, istənilən halda bu, bütün konstitusiyalara aiddir”.
Rüfət Sultan
Şərhlər