Amerikalı sosial media fenomeni, "Neo-Orientalist" təxəllüsü ilə tanınan Mıxaylo Viktoroviç Polyakov mart ayında etdiyi cəhdlə dünya mediasının diqqətini cəlb edib.
Qaynarinfo xəbər verir ki, o, dünyanın ən təcrid olunmuş olunmuş icmalarından biri olan Sentinel xalqı ilə qanunsuz şəkildə təmas qurmağa çalışıb və bu, Hindistan hakimiyyət orqanları tərəfindən həbs olunması ilə nəticələnib.
Hind okeanındakı Şimal Sentinel adasında yaşayan Sentinel xalqı xarici aləmdən tamamilə təcrid olunmuş həyat sürür. "Survival International" insan hüquqları təşkilatına görə, bu icma xaricdən gələn mikroblara qarşı immunitetə malik deyil və adi bir xəstəlik belə onlar üçün ölümcül ola bilər. Buna görə də Hindistan hökuməti adanı uzun illər əvvəl tamamilə bağlayıb və hər hansı təmas cəhdlərini qadağan edib.
Polyakov bütün qadağalara baxmayaraq, adaya qısa müddətlik ayaq basaraq hindqozu və kola kimi hədiyyələr qoyub, dərhal adanı tərk edib. Hər hansı birbaşa qarşılaşma baş verməsə də, bu hərəkət Hindistan rəsmiləri tərəfindən ciddi şəkildə qiymətləndirilib və o, saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.
"Survival International" təşkilatı bildirib ki, bu cür icazəsiz təmaslar ciddi fəsadlara səbəb ola bilər. "Sosial media xatirinə həyata keçirilən bu məsuliyyətsiz addım, qrip kimi sadə bir xəstəliklə bütün Sentinel icmasını məhv edə bilərdi", deyə təşkilatın nümayəndələri xəbərdarlıq edib.
Keçmiş təcrübələr də bu kimi halların fəlakətə gətirib çıxara biləcəyini göstərir. Məsələn, yaxınlıqdakı Kiçik Andaman adasında yaşayan Onge xalqının sayı müstəmləkəçilər və köçkünlərin gəlişi nəticəsində 85% azalıb, Böyük Andaman xalqının isə 99%-ə qədər məhv olduğu məlumdur.
Sentinel xalqı haqqında məlumatlar çox məhduddur. Bu icma əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla məşğuldur. Yay, ox və nizə kimi silahlar hazırlayan icmanın təxminən 150 nəfərlik olduğu təxmin edilir. Onların öz dillərində özlərini necə adlandırdıqları və adalarına nə ad verdikləri isə hələ də naməlumdur. 19-cu əsrdə bir ingilis zabitinin ada səfəri zamanı Sentinel xalqından olan bəzi şəxsləri qaçırması və onların xəstəlik səbəbilə həyatını itirməsi, bu xalqın xarici aləmə qarşı sərt mövqeyinin əsas səbəblərindən biri ola bilər.
Polyakovun cəhdi, 2018-ci ildə ABŞ-lı missioner Con Allen Çounun başına gələn faciəli hadisəni xatırladır. Çou da Sentinel xalqı ilə təmas qurmağa çalışarkən onların əli ilə həyatını itirmişdi. "Survival International" bu barədə belə deyir: "Sentinel xalqı aydın şəkildə təmas istəmədiyini göstərib. Bu, son dərəcə ağıllı bir seçimdir".
Aydın
Şərhlər