Azərbaycan İnvestisiya Holdinqində (AİH) dövlət vəsaitləri və əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılarkən nöqsanlar aşkar edilib.
Qaynarinfo "Report"a istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair "Dövlət auditi" bülletenində bildirilir.
Bildirilib ki, audit dövründə maliyyə tutumu ümumilikdə 44.5 milyon manat olub. Hesabatda Holdinqin idarəetmənin təkmilləşdirilməsi və dövlət şirkətlərinin maliyyə dayanıqlılığının artırılması istiqamətində addımlar atdığı bildirilsə də, ciddi nöqsanlar da aşkarlanıb.
Auditorun rəyinə əsasən, bir sıra hallarda maliyyə və inzibati fəaliyyət normativ sənədlərin tələblərinə uyğun olmayıb. Belə ki, 2021-ci ilin sonuna 4,2 milyon manat, 2022-ci ilin sonuna isə 8,4 milyon manat bank hesablarında qalan vəsaitlərin dövlət büdcəsində nəzərə alınmadığı müəyyən olunub. Bu isə aidiyyəti illərdə büdcədən ayrılmış vəsaitlərin istifadəsində şəffaflıqla bağlı suallar doğurur.
Prezidentin fərmanı ilə müəyyən edilmiş qaydalara əsasən, Holdinqə idarəetməyə verilmiş müəssisələrin illik xalis mənfəətinin 20%-i ilə maliyyələşmənin təmin olunması istiqamətində zəruri tədbirlər (icra reqlamenti, yazışmalar və s.) həyata keçirilməyib. Nəticədə, Holdinqin dövlət büdcəsindən asılılığının azaldılması perspektivləri zəifləyib.
Auditor, həmçinin vakant vəzifələrin uzun müddət ərzində əvəzləmə sənədləri ilə dolu göstərilməsi və bu əsasla əməkhaqlarının artırılması hallarını da aşkar edib. Məsələn, 2021-ci ildə 4, 2022-ci ildə 5, 2023-cü ildə 8, 2024-cü ilin birinci rübündə isə 2 əməkdaşın aylıq əməkhaqqı həmin vakant ştatların 50%-i qədər artırılıb.
Maliyyə hesabatlarının vaxtında tərtib olunması və aidiyyəti orqanlara təqdim edilməsi də təmin edilməyib. 2021-2023-cü illər üzrə hesabatların müvafiq qaydada dərc edilmədiyi və "Mühasibat uçotu haqqında" qanunun, həmçinin Holdinqin Nizamnaməsinin tələblərinin pozulduğu bildirilib.
Holdinqin portfelində dividend ödəmə qabiliyyətli şirkətlərin sayı artsa da, 2021 və 2022-ci illərdə cəmi 2, 2023-cü ildə isə yalnız 1 dövlət şirkəti büdcəyə dividend ödəyib. Bununla yanaşı, eyni dövrdə portfel şirkətləri dövlət büdcəsindən alınan subsidiyalar və digər təyinatlı vəsaitləri iki dəfə artıraraq 762.6 milyon manatdan 1.5 milyard manata çatdırıblar.
Auditorun yekun qiymətləndirməsinə görə, müəyyən çatışmazlıqlara baxmayaraq, dövlət sifarişinin rəsmləşdirilməsi, əməkhaqqı siyasəti, maliyyə hesabatlılığı və digər sahələrdə audit meyarlarına əsasən şərti müsbət rəy verilib.
Şərhlər