Gəmi qəzaları deyildikdə ağıla ilk gələn adlardan biri, şübhəsiz, "Titanik"dir. "Heç vaxt batmaz" deyilən bu möhtəşəm gəmi 1912-ci ildə ilk səfərində bir aysberqə çırpılaraq Atlantik okeanının dibinə getmiş və 1.517 nəfərin həyatına son qoymuşdu.
Qaynarinfo xəbər verir ki, hadisədən keçən 113 il ərzində "Titanik" saysız-hesabsız elmi araşdırmalara, sənədli filmlərə və bədii ekran əsərlərinə mövzu olub. Lakin qəzada həlak olanlarla bağlı hələ də tam aydın olmayan faktlar mövcuddur. Bu günlərdə isə daha bir inanılmaz həqiqət gün üzünə çıxıb.
Üzərindəki kağız su izləri daşıyırdı…
"Daily Mail" qəzetinin xəbərinə görə, gənc Ernest Tomlinin cəsədi tapıldıqdan sonra üzərindəki gödəkçənin cibindən çıxan su ləkəli bir kağız parçası onun "Titanik" sərnişini olduğunu sübut edib. Bu sənəd üçüncü dərəcəli sərnişinlərə xidmət edən gəmi restoranına giriş bileti olub. Ailəsinin şəxsi arxivində tapılan bu nadir sənəd 113 il əvvəl taleyin necə yazıldığını nümayiş etdirib.
Tomlin qəza zamanı cəmi 21 yaşında olub və valideynləri Edvin və Harriyet ilə Londonda yaşayıb. Altı bacı-qardaşdan biri olan Tomlin 1907-ci ildə ABŞ-ın Ayova ştatındakı Drake Universitetində ilahiyyat təhsili almağa başlayıb. Lakin sonradan təhsilini yarımçıq qoyaraq İngiltərəyə dönüb və 1912-ci ilin əvvəlində təhsilini davam etdirmək məqsədilə yenidən Amerikaya getməyə qərar verib.
Əslində başqa gəmi ilə səfər etməli imiş
Əgər hər şey plana uyğun getsəydi, Tomlin heç vaxt "Titanik"ə minməyəcəkdi. Onun bileti əslində "RMS Adriatic" adlı başqa bir gəminin üçüncü sinif kabinəsinə aid olub. Lakin həmin dövrdə baş verən kömür tətili bir çox gəmi səfərlərinin ləğvinə səbəb oldu və nəticədə Tomlin də daxil olmaqla bir çox sərnişinin bileti "Titanik"ə transfer edilib.
"Titanik"in səfəri təxirə salınmadı
İngiltərədə 1912-ci ilin fevral ayının sonlarında başlayan ümummilli kömür tətili aprel ayının əvvəlinə qədər davam etmişdi. Uzun məsafəli gəmilər üçün böyük miqdarda kömür lazım olduğundan, bu vəziyyət "Titanik" kimi nəhəng gəmilər üçün ciddi problem idi. Lakin ictimaiyyətin gözləntiləri çox böyük olduğundan, "White Star Line" şirkəti "Titanik"in səfərini təxirə salmaq istəməyib. Nəticədə, "Adriatic" də daxil olmaqla digər gəmilərin yanacaq ehtiyatları "Titanik"ə yönəldilib və bu gəmilərin səfərləri ləğv olunub. Beləliklə, Tomlin də "Titanik" sərnişinləri sırasına daxil olub.
Sənədlərdə ad dəyişikliyi aydın görünür
Tomlinin miqrasiya sağlamlıq sənədində də bu dəyişiklik açıq şəkildə görünür. "ADRIATIC” sözü üstündən iki dəfə xətt çəkilmiş, yerinə "TITANIC” yazılmışdı. Həmin dövrdə aşağı gəlirli sərnişinlərdən, lüks gəmidə səfər etməzdən əvvəl sağlamlıq yoxlamasından keçmək tələb olunurdu. Bu sənədlər, gəmi salamat şəkildə Nyu-Yorka çatsaydı, liman səlahiyyətlilərinə təqdim olunacaqdı. Amma bu sənəd, sonradan Tomlin-in şəxsiyyətinin təsdiqlənməsi üçün istifadə edildi.
Cəsədi üzərində 2 dollar tapıldı
Tomlinin cəsədi "Mackay Bennett" adlı axtarış-kurtarma gəmisinin heyəti tərəfindən sudan çıxarılıb. Cəsədinin üzərindəki jietə tikilmiş şəkildə iki 1 dollarlıq əskinas tapılıb - o, bu pulları ABŞ-da xərcləmək üçün özü ilə götürüb.
Şirkətdən anaya məktublar
Ailə arxivindən çıxan digər sənədlər arasında "White Star Line” şirkətinin Tomlinin anası Harriyetə göndərdiyi məktublar da yer alır. Bu məktublarda Ernest Tomlinin həyatını itirdiyi, şəxsiyyətinin miqrasiya kartı vasitəsilə müəyyənləşdirildiyi qeyd olunub.
13 may 1912-ci il tarixli başqa bir məktubda Kanadanın Halifax şəhərindəki "Xilasetmə Ordusu" təşkilatı tərəfindən onun "dənizdə dəfn edildiyi" qeyd olunub. 23 may tarixində "White Star Line”dan göndərilən məktubda isə Tomlinin şəxsi əşyalarının tezliklə ailəyə göndəriləcəyi bildirilib.
Əşyaların siyahısı da arxivdə tapılıb
Tomlinin şəxsi əşyaları ailəyə çatdırıldıqdan sonra, onun qardaşı Uilyam tərəfindən əl ilə yazılmış siyahı da ailənin arxivində yer alıb.
Bu sənədlər, "Titanik" mövzusunda çalışan ekspertlər və kolleksiyaçılar üçün belə tamamilə yeni sayılır. Tomlin ailəsinin nəsildən-nəslə ötürdüyü arxiv, ilk dəfə olaraq satışa çıxarılıb. "Henry Aldridge & Son" auksion evi bu arxivi 150.000 funt sterlinq qiyməti ilə satışa təqdim edib. Satışın 26 aprel tarixində gerçəkləşəcəyi bildirilib.
Auksion nümayəndəsi Endryu Oldric bildirib:
"Son 30 ildə bazara çıxan ən tam Titanik arxivi budur. 1912-ci ildən bu yana Tomlin ailəsində qorunub və demək olar ki, heç vaxt nümayiş etdirilməyib. Sənədlər təhlükəsizlik səbəbilə kilidli qutuda saxlanılıb və bazar üçün tamamilə yenidir".
Oldric qeyd edib ki, restoran giriş bileti son dərəcə nadir və qiymətli sənəddir:
"Bu kağız, "Titanik" batarkən Ernestin cibində olduğundan üzərində su izləri var. Üçüncü sinif sərnişinləri hər dəfə yeməkxanaya gedərkən bu bileti göstərməli idilər. Bu səbəbdən bu sənəd çox dəyərlidir. Sağlamlıq sənədində isə "SS Titanic", "364424" bilet nömrəsi və tam ad açıq şəkildə görünür. Həmin sənəd də su zədəsi alıb".
Oldric əlavə edib:
"Əslində o, "Adriatic" ilə səyahət edəcəkdi. Lakin bir anda dünyanın ən lüks gəmisinə, "Titanik"ə transfer edildi. Yəqin ki, bu şansına inanmayıb".
Aydın
Şərhlər