Fransanın ultra-sağçı siyasətçisi Marin Le Pen məhkəmə tərəfindən dövlət vəsaitlərinin mənimsənilməsi işi üzrə təqsirli bilinməsindən sonra bu qərarı "sistemin ona atdığı nüvə bombası" adlandırıb.
Qaynarinfo bu barədə The Guardian-a istinadla xəbər
verir.
Le Pen bildirib ki, onun ultra-sağçı "Milli Birlik" partiyası məhkəmə qərarının onu 2027-ci il prezident seçkilərində iştirakdan məhrum etməsinə baxmayaraq, fransız xalqının öz liderini seçmək hüququndan məhrum edilməsinə imkan verməyəcək.
O vurğulayıb ki, "fransız xalqını və onun layiq bildiyi şəxsə səs vermək hüququnu qorumaqda" qərarlıdır.
Siyasətçi bu hökmü "sistemin ona qarşı yönəltdiyi nüvə bombası" adlandırıb və qeyd edib ki, bu qədər sərt tədbirlərin görülməsi onun partiyasının seçki qələbəsinə yaxınlaşdığını göstərir.
"Buna imkan verməyəcəyik" – deyə Le Pen bəyan edib və Fransa məhkəmə sistemini seçki prosesinə müdaxilə etməkdə və ölkənin demokratiyanın müdafiəçisi kimi nüfuzunu sarsıtmaqda ittiham edib.
Bununla yanaşı, o, hakimlərə qarşı yönəlmiş təhdidləri qınayaraq, onları "biabırçı" və "qəbuledilməz" adlandırıb.
Xatırladaq ki, Marin Le Pen iki il şərti cəza, iki il elektron bilərziklə ev dustaqlığı və beş il müddətinə seçkili vəzifə tutmaq qadağası ilə cəzalandırılıb.
Bu o deməkdir ki, o, 2027-ci il prezident seçkilərində iştirak edə bilməyəcək.
Le Penin vəkili bildirib ki, bu hökmə etiraz edəcək. Lakin şikayətə baxıldığı müddətdə onun dövlət vəzifələrinə namizədliyini irəli sürmək qadağası qüvvədə qalacaq.
Alpər
Şərhlər