Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü işini yekunlaşdırıb.
Dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri hesab olunan, 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçdiyi forumun ikinci günü də bir sıra mühüm tədbirlərlə yadda qalıb.
Belə ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ikinci günündə rəsmi açılış mətbuat konfransı keçirilib. Mətbuat konfransında qlobal mənzil böhranı, təhlükəsiz, dayanıqlı şəhər inkişafı, urbanizasiya siyasətləri, şəhər dayanıqlığının gücləndirilməsi istiqamətində prioritet məsələlər müzakirə edilib.
Bu gün həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti keçirilib. Gün ərzində isə Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu nazirlər görüşü və MINURVI-nin — Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksək Səviyyəli Rəsmilər Forumu təşkil edilib.
WUF13- ün ikinci günündə "Urban Expo” sərgisinin rəsmi açılış mərasimi də baş tutub. 3.5 hektar ərazini əhatə edən "Urban Expo” sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirib.
Bu gün də forum iştirakçıları mediaya açıqlamalarında WUF13-ün Bakıda keçirilməsinin önəmindən, Azərbaycanın beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi etməsinin əhəmiyyətindən, ölkənin qlobal əməkdaşlıq təşəbbüslərində fəal rolundan bəhs ediblər. Forum iştirakçılarının hər biri WUF13-ün Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsindəki təcrübəsinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm platforma olduğunu xüsusi vurğulayıblar.
Qeyd edək ki, mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Forum "Dünyanı məskunlaşdırmaq: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunub və qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya, şəhər dayanıqlılığı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və müasir şəhər idarəçiliyi kimi mühüm məsələləri əhatə edir.
Günəşli yaz günündə Bakının mərkəzində inci kimi parıldayan Bakı Olimpiya Stadionundan WUF13-ün ikinci gününü əks etdirən fotoları təqdim edirik.//Trend
Şərhlər