Xəbər lenti

Dünya 22:01 18.05.2026

"Mercedes-Benz" bu modeli diktatorlara və cinayətkar qrupların rəhbərlərinə satmayacaq

"Mercedes-Benz" zirehli "S-Class S680 Guard 2027" modeli üçün alıcıların yalnız maliyyə vəziyyəti deyil, həm də bioqrafik məlumatları əsasında ciddi yoxlamalar tətbiq edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Autoblog” nəşri "Mercedes-Benz”in "S-Class Guard" bölməsinin kommunikasiya şöbəsinin əməkdaşına istinadən məlumat yayıb.

Alman avtomobil istehsalçısının zirehli "S-Class" almaqdan məhrum etdiyi potensial alıcılar siyahısına Çin və ABŞ vətəndaşları da daxil edilib. Digər ölkələrin sakinləri üçün isə əlavə bioqrafik yoxlamalar tətbiq olunacaq ki, yalnız təhlükəsizlik xidməti tərəfindən seçilmiş müştərilər avtomobili əldə edə bilsinlər.

"Autoblog”un qənaətinə görə, "S-Class" uzun müddətdir mübahisəli siyasi rejimlərin liderləri, diktatorlar və cinayətkar qrupların rəhbərləri tərəfindən üstünlük verilən nəqliyyat vasitəsi kimi tanınır. Şirkət 2027-ci il modellərinə çıxışı məhdudlaşdırmaqla bu imici dəyişməyə çalışır.

"Mercedes-Benz” "S-Class S680 Guard" modeli VR10 ballistik müdafiə səviyyəsinə malikdir. VR10 zirehi VPAM standartlarına əsasən mülki nəqliyyat üçün ən yüksək müdafiə sinfi hesab olunur. O, SVD tipli 7,62×54 mm kalibrli zirehdələn-yandırıcı güllələrə davam gətirə bilir.

Bundan əvvəl "Mercedes-Benz” müdafiə sənayesinə yönəlmək niyyətini açıqlamışdı. Alman avtomobil istehsalçısı iqtisadi baxımdan sərfəli olacağı halda müdafiə təyinatlı məhsulların istehsalına keçməyə hazır olduğunu bildirmişdi.

Aydın

--> -->