Xəbər lenti

Hər şey bir anda dəyişir: Qocalmanın bilinməyən tərəfi - Ən kritik iki yaş..
Sağlamlıq 23:21 18.05.2026

Hər şey bir anda dəyişir: Qocalmanın bilinməyən tərəfi - Ən kritik iki yaş..

Alimlər qocalma prosesinin düşünüldüyü kimi yavaş və sabit şəkildə getmədiyini üzə çıxarıb. Yeni araşdırmaya görə, insan orqanizmi xüsusilə iki kritik yaşda sanki bioloji "qırılma” yaşayır.

Qaynarinfo xəbər verir ki, qocalmanın yavaş gedən təbii bir proses olduğu qəbul edilirdi. Lakin yeni araşdırma göstərir ki, insan bədəni müəyyən yaşlarda qəfil bioloji dəyişiklik mərhələsinə daxil olur. Alimlərə görə xüsusilə iki yaş aralığı orqanizmdə dramatik dəyişikliklərin başladığı kritik hədlər kimi önə çıxır.

İlk böyük qırılma

"Science Alert”in məlumatına görə, Stanford Universitetində genetik mütəxəssis Maykl Snayderin rəhbərliyi ilə aparılan araşdırmada insan bədəninin həyat boyu iki böyük molekulyar dəyişiklik dalğasından keçdiyi müəyyən edilib. İlk böyük qırılma orta hesabla 44 yaş ətrafında baş verir, ikinci kəskin dəyişiklik isə 60 yaşlardan sonra müşahidə olunur.

Ani sıçrayışlar meydana gəlir

Alimlər bildirir ki, qocalma xətti və sabit şəkildə irəliləmir, əksinə müəyyən dövrlərdə orqanizmin bioloji quruluşunda ani dəyişikliklər baş verir. Bu mərhələdə təkcə xarici görünüş deyil, hüceyrə səviyyəsindən metabolizmə qədər bir çox sistem eyni vaxtda dəyişməyə başlayır.

Tədqiqat çərçivəsində 25–70 yaş aralığında olan 108 könüllü uzunmüddətli olaraq izlənilib. Müntəzəm nümunələr üzərində RNT, zülallar, lipidlər və bağırsaq mikrobiomu daxil olmaqla 135 mindən çox bioloji xüsusiyyət təhlil edilib.

Kəskin dəyişikliklər təsbit edilib

Toplanan məlumatlar göstərib ki, Altsheymer və ürək-damar xəstəlikləri kimi qocalma ilə bağlı risklər tədricən yox, müəyyən yaş hədlərindən sonra qəfil artır. Təhlil edilən molekulların təxminən 81 faizində bu iki kritik yaş dövründə kəskin dəyişikliklər qeydə alınıb.

44 yaş ətrafında baş verən ilk böyük qırılmada xüsusilə spirt, kofein və yağ metabolizması ilə bağlı molekullarda ciddi dəyişikliklər müşahidə edilib. Eyni dövrdə dəri və əzələ quruluşunda da sürətli dəyişikliklər baş verir.

Yeni bioloji mərhələ

Alimlər əvvəlcə bu prosesin qadınlarda menopauza ilə əlaqəli ola biləcəyini düşünmüşdülər. Lakin kişilərdə də oxşar dəyişikliklərin müşahidə edilməsi bunun yalnız hormonal səbəblərlə izah olunmadığını göstərib.

60 yaş ətrafında başlayan ikinci dalğada isə immun sistemi, karbohidrat mübadiləsi və böyrək funksiyaları kimi həyati sistemlərdə mühüm dəyişikliklər qeydə alınıb.

Mütəxəssislərə görə bu araşdırma yaşlanmanın yalnız təqvim yaşı ilə ölçülmədiyini, insan orqanizminin müəyyən dövrlərdə yeni bioloji mərhələyə keçdiyini göstərir.

Aydın
--> -->