Britaniya Kolumbiyası Universitetinin alimləri müəyyən etdilər ki, "Z nəsli" nümayəndələri internetdə yaşca böyük istifadəçilərə nisbətən saxta xəbərlərə daha çox inanır.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Personality and Individual Differences" (PID) jurnalında dərc edilib.
Araşdırma psixoloqlar tərəfindən hazırlanmış və onlayn olaraq əlçatan olan "Dezinformasiyaya Qarşı Həssaslıq Testi" (MIST) vasitəsilə aparılıb. İştirakçılardan təqdim olunan başlıqlardan hansının doğru, hansının isə yalan olduğunu qiymətləndirmələri istənilib.
Nümunələr arasında həm real, həm də saxta başlıqlar olub: "Hökumət 11 sentyabr terror aktlarında iştirakını diqqətlə gizlədir", "2018-ci ildə ABŞ-nın böyük qəzetlərinin təxminən 1/4 işçilərini işdən çıxarıb".
Nəticələr, insanların real bacarıqları ilə öz inamları arasında uçurum olduğunu göstərib. Çoxlu iştirakçılar doğru ilə yalanı ayırd etmək qabiliyyətlərini həddindən artıq qiymətləndiriblər. Alimlərin təəccübünə səbəb olan isə, "Z nəsli"nin digər yaş qrupları ilə müqayisədə orta hesabla daha zəif nəticə göstərməsi olub.
Daha mühafizəkar baxışlara malik insanlar da saxta xəbərlərə daha çox inanmağa meylli çıxıblar. Xüsusilə, ifrat sağ əqidəli şəxslər dezinformasiyaya qarşı daha həssas olduğu müşahidə edilib. Bununla belə, onlar ümumiyyətlə öz bacarıqlarını adekvat qiymətləndirirlər, halbuki daha radikal mövqeli insanlar bunu edə bilmir.
Digər bir maraqlı fakt isə qadınların kişilərə nisbətən daha tez-tez dezinformasiyaya alınması, lakin eyni zamanda öz bacarıq səviyyələrini daha yaxşı başa düşməsi olub. Təhsil də mühüm rol oynayıb: ali təhsilli iştirakçılar digərlərindən daha yaxşı nəticə göstərsələr də, öz qabiliyyətlərini həddindən artıq qiymətləndirməyə meyllidir.
Ümumiyyətlə "rəqəmsal nəslin" saxta xəbərlərə qarşı təbii immunitetə malik olduğu güman edilsə də, məlumatlar bunun əksini sübut edir. Bu, yaşdan asılı olmayaraq media savadlılığının sistemli şəkildə öyrədilməsi ehtiyacını gündəmə gətirir.
Aydın
Şərhlər