Özünü "Elegant Constuction" və bir neçə tikinti şirkətin rəhbəri kimi təqdim edərək, 42 nəfərin külli miqdarda vəsaitini mənimsəyən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1977-ci ildə Füzuli rayonuda doğulmuş Elmir M. adlı şəxs internet saytlarında və sosial şəbəkələrdə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri ərazisində ucuz və hissə-hissə ödəniş şərtləri ilə fərdi yaşayış evlərinin inşası, təmiri və satışını həyata keçirməsi ilə bağlı elanlar paylaşıb. Elmir insanlarda bu yolla inam yaratmaqla, onların etibarından sui-istifadə edib və 42 nəfərin 400 min manata yaxın vəsaitini mənimsəyib.
O, bu işin icrası üçün 2019-cu ildən metronun "Memar Əcəmi" stansiyası yaxınlığında ofis icarə götürüb. Əməllərindən xəbərsiz bir neçə nəfəri işə götürərək, fəaliyyət göstərib.
Nəticədə təqsirləndirilən şəxs Fatmayı, Ceyranbatan və digər yerlərdə ev tikmək istəyən 42 nəfərdən 8, 12, 22, 40, 44 min və digər məbləğlərdə vəsait alaraq mənimsəyib. O birmərtəbəli tikilməli və tam təmirili təhvil verilməli olan ev üçün zərərçəkmiş şəxslərdən 39900 manatan 81 min manata qədər pul istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Elmir özü təqsirli bilib. O zərərçəkmiş şəxsləri aldatmasına səbəb kimi özünün də 360 min manat pul almalı olduğu iş üzrə zərərçəkmiş şəxs qismində tanındığını deyib: "360 min manatımı vermədilər deyə, insanları aldatmalı oldum".
O, bildirib ki, həmin işlə bağlı ona vurulmuş maddi ziyan tam ödənilmədiyi üçün zərərçəkmişlərin pulunu tam qaytara bilmir.
Məhkəmənin qərarı ilə Elmir Cinayət Məcəlləsinin 178.3.2 və 306.1-ci maddələri nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Elegant Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Ramazanlı Nicat Məhəmməd oğludur. Təqsirləndirilən şəxs "Avangard" MMC-nin də adından istifadə edərək, cinayət törədib.
Aydın
Şərhlər