Kaliforniya və Floridada keçirilən əməliyyat nəticəsində 13 nəfər saxlanılıb. Onlara adam oğurluğu, qəsdən adam öldürməyə cəhd və silah saxlama kimi ağır ittihamlar irəli sürülüb.
ABŞ-ın Kaliforniya və Florida ştatlarında keçirilmiş genişmiqyaslı polis əməliyyatı çərçivəsində 13 nəfər saxlanılıb.
Qaynarinfo xəbər verir ki, Mərkəzi Kaliforniya dairə prokurorluğunun verdiyi məlumata görə, saxlanılanlar iki rəqib erməni mütəşəkkil cinayətkar dəstənin üzvləridir.
Bu qruplaşmalardan birinə 41 yaşlı Ara Artuni, digərinə isə 46 yaşlı Robert Amiryan rəhbərlik edib. Hər iki qruplaşma başçısı da həbs olunub.
İstintaq müəyyən edib ki, son illər ərzində Artuni və Amiryanın rəhbərlik etdiyi qruplaşmalar ərazi üstündə münaqişələr aparıb, sifarişlə qətllər və adam oğurluqları təşkil ediblər. Bundan əlavə, 2021-ci ildən etibarən "Amazon" və digər onlayn pərakəndə şirkətlərin anbarlarından milyonlarla dollar dəyərində məhsul oğurlamaqla məşğul olublar.
Oğurluqları həyata keçirmək üçün bu qruplaşmalar "AK Transportation", "NBA Holdings", "Belman Transport" və "Markos Transportation" adlı daşıma şirkətləri yaradıblar. Həmin şirkətlər "Amazon" və digər onlayn satıcılardan rəsmi sifarişlər alaraq istehsalçılardan məhsulları pərakəndə anbarlara daşımalı olub. Lakin daşıma zamanı yük maşınları marşrutu dəyişərək, yolda məhsulların bir hissəsi və ya hamısı boşaldılır, sonra isə satılır və ya başqalarına paylanılırdı.
Təkcə "Amazon"un qiymətləndirməsinə görə, Ara Artuninin rəhbərlik etdiyi cinayətkar dəstə son dörd ildə şirkətdən 83 milyon dollardan çox dəyərində məhsul oğurlayıb.
Əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən 100 min dollardan çox nağd pul, 3 zirehli avtomobil və 14 ədəd odlu silah müsadirə olunub.
Prokurorluq bildirir ki, əgər saxlanılan şəxslərin təqsiri sübuta yetirilsə, onları 10 ildən ömürlük həbs cəzasınadək müxtəlif müddətli cəzalar gözləyir.
Aydın
Şərhlər