Ukraynalı hüquqşünas Andrey Portnov Madriddə, Amerikan məktəbinin yerləşdiyi Posuelo-de-Alarkon qəsəbəsindəki özəl təhsil müəssisəsinin yaxınlığında güllələnərək qətlə yetirilib.
Qaynarinfo xəbər verir ki, "El Pais” nəşrinin
məlumatına görə, Portnov bu gün səhər saatlarında 5 dəfə atəşə tutulub və aldığı güllə yaralarından ölüb. Hadisədə 2-3 silahlının iştirak etdiyi bildirilir.
Hazırda heç kim saxlanılmayıb. Məktəb rəhbərliyi onun şagirdlərdən birinin valideyni olub-olmadığını bilmədiklərini açıqlayıb.
İspan jurnalistlərinin məlumatına görə, qətl yerli vaxtla saat 09:15 radələrində Calle de América, 3 ünvanında baş verib. Hadisə yerinə dərhal polis əməkdaşları göndərilib.
Polisə zəng edən bir vətəndaş "yerdə huşsuz vəziyyətdə yatan yaralı bir kişi tapdıqlarını" bildirib.
Hadisə yerinə gələn tibb işçiləri onun ölümcül xəsarətlər aldığını təsdiqləyib. Məlumata görə, ən azı üç güllə yarası alıb. Ölümcül güllə atəşi arxadan, boyun səviyyəsində baş nahiyəsinə tuş gəlib, digər iki güllə isə qarın və böyrək nahiyəsinə dəyib.
Polisdəki mənbələr "El Pais”ə bildiriblər ki, Portnov hadisə zamanı sükanı arxasında "Mercedes” markalı avtomobildə olub. Ona hücum edən 2 və ya 3 nəfər 5 dəfə atəş açaraq baş və bel nahiyələrindən güllələyiblər.
Hazırda istifadə olunan silahın tipi barədə məlumat verilmir, çünki istintaq yeni başlayıb.
Amerikan məktəbinin əməkdaşlarından biri qəzetə bildirib: "Hazırda ciddi bir təşviş içindəyik. Hadisəyə necə reaksiya verəcəyimizi müəyyənləşdirməyə çalışırıq”. O, hadisənin məktəbin qarşısında, dərslər başladıqdandan təxminən yarım saat sonra baş verdiyini və uşaqların və valideynlərin heç birinin bunu görmədiyini təsdiqləyib.
Qeyd edək ki, Andrey Volodimiroviç Portnov (1973–2025) 2005–2010-cu illərdə Yuliya Timoşenkonun seçki qərargahının hüquq departamentinin rəhbəri, 2010–2014-cü illərdə Prezident Viktor Yanukoviçin administrasiyasında məhkəmə sisteminə nəzarət edən baş idarənin rəhbəri və prezident administrasiyasının rəhbərinin birinci müavini vəzifələrində çalışıb. O, aşağıdakı mübahisəli fəaliyyətləri ilə tanınır:
- 2013–2014-cü illərdəki Aromaydan etirazları zamanı vətəndaş azadlıqlarını məhdudlaşdıran "diktatura qanunlarının" qəbulunda iştirak edib.
- 2014-cü ildə Ukraynanı tərk edərək Rusiya və Avstriyada yaşayıb, 2019-cu ildə Ukraynaya qayıdıb.
- Avropa İttifaqı tərəfindən korrupsiya və insan hüquqları pozuntuları səbəbilə sanksiyalara məruz qalıb.
- ABŞ Maliyyə Nazirliyi ona qarşı sanksiya tətbiq edib.
Portnov bir sıra cinayət işlərində ittiham olunub, lakin əksəriyyətində məhkəmə qərarları ilə bəraət alıb. 2018-ci ildə Krımın ilhaqında iştirakına görə "dövlətə xəyanət" maddəsi ilə istintaq açılıb, lakin sonradan bağlanıb.
2019-cu ildə "ПортNOW" adlı televiziya proqramına başlayıb, burada Euromaydan hadisələrinə dair alternativ versiyalar təqdim edib. Müxtəlif media orqanlarına qarşı böhtan iddiaları qaldırıb və bir neçə məhkəmə prosesində qalib gəlib.
Onun qətli Ukrayna və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub, siyasi və hüquqi keçmişi səbəbilə müxtəlif versiyalar irəli sürülüb.
Alpər
Şərhlər