ABŞ-da aparılan genişmiqyaslı araşdırma müntəzəm yumurta istehlakının Altsheymer xəstəliyi riskinin daha aşağı olması ilə əlaqəli ola biləcəyini göstərib. Bununla belə, alimlər bildirirlər ki, nəticələr yumurtanın xəstəliyin qarşısını aldığını sübut etmir, yalnız mümkün əlaqəni ortaya qoyur.
Qaynarinfo xəbər verir ki, araşdırma ABŞ-ın Loma Linda Universitetinin alimləri tərəfindən həyata keçirilib. Tədqiqat çərçivəsində təxminən 40 min nəfərin uzun illər ərzində toplanmış sağlamlıq və qidalanma məlumatları təhlil olunub. İştirakçılar "Adventist Health Study-2” adlı sağlamlıq layihəsindən seçilib.
Araşdırma müddətində 2 min 858 nəfərə Alzheimer diaqnozu qoyulub. Alimlər yumurta istehlakı ilə Altsheymer xəstəliyinə tutulma riski arasında əlaqəni qiymətləndiriblər.
Nəticələrə əsasən, yumurtanı nadir hallarda yeyən və ya ümumiyyətlə istehlak etməyən şəxslərdə risk daha yüksək olub. Həftədə 5 dəfə və ya daha çox yumurta yeyən insanlarda isə 15 illik müşahidə dövründə Altsheymer riskinin 27 faizə qədər daha aşağı olduğu müəyyən edilib.
Həftədə 2-4 dəfə yumurta istehlak edənlərdə riskin təxminən 20 faiz, həftədə bir dəfə və ya ayda bir neçə dəfə yeyənlərdə isə 17 faiz aşağı olduğu bildirilib.
Mütəxəssislər yumurtanın tərkibində olan xolinin beyin və yaddaş funksiyalarında mühüm rol oynadığını qeyd edirlər. Bundan əlavə, yumurtada B12 və D vitaminləri, omeqa-3 yağ turşuları, selen və yod kimi faydalı maddələr də mövcuddur.
Bununla yanaşı, alimlər vurğulayırlar ki, araşdırma müşahidə xarakterlidir və nəticələrə iştirakçıların ümumi həyat tərzi də təsir etmiş ola bilər. Onların sözlərinə görə, sağlam qidalanma, fiziki aktivlik və ümumi həyat tərzi beyin sağlamlığında əsas rol oynayır.
Mütəxəssislər yumurtanın balanslı qidalanmanın bir hissəsi kimi faydalı ola biləcəyini, lakin Altsheymerdən qoruyan "möcüzəvi qida” kimi qəbul edilməməli olduğunu bildirirlər.
Günay
Şərhlər