Xəbər lenti

Alimlərdən Dünya çempionatı xəbərdarlığı: Təhlükəli ola bilər
Dünya 19:10 14.05.2026

Alimlərdən Dünya çempionatı xəbərdarlığı: Təhlükəli ola bilər

Alimlər gələn ay start götürəcək 2026-cı il Dünya çempionarına futbolçuların və azarkeşlərin təhlükəli istilik şəraiti ilə üzləşə biləcəyi barədə xəbərdarlıq ediblər.

Qaynarinfo xəbər verir ki, "World Weather Attribution" adlı elmi qrup tərəfindən hazırlanan analizdə iqlim modelləri əsasında turnir zamanı qlobal istiləşmənin yarada biləcəyi risklər qiymətləndirilib. Araşdırma, insan fəaliyyəti nəticəsində iqlim dəyişikliyinin həddindən artıq isti hava şəraitini artırdığını və bunun açıq hava stadionlarında həm oyunçular, həm də azarkeşlər üçün risk yaratdığını ortaya qoyub.

Analizə görə, Dünya Kubokunda keçiriləcək 104 oyunun təxminən 25 faizi, futbolçuların təhlükəsizliyi üçün müəyyən edilən həddən yüksək istilik şəraitində oynana bilər. Bu göstərici "yaş kürə qlobal temperaturu” (WBGT) ilə ölçülür və orqanizmin istiliyi nə dərəcədə effektiv tənzimləyə bildiyini nəzərə alır.

26 dərəcə WBGT həddi, beynəlxalq futbolçular birliyi FIFPRO tərəfindən əlavə soyutma tədbirlərinin tətbiq olunmalı olduğu kritik səviyyə kimi qəbul edilir. Analizdə qeyd olunur ki, təxminən 5 oyun 28 dərəcədən yuxarı WBGT şəraitində keçirilə bilər ki, bu da təhlükəli sayılır və bəzi hallarda oyunların təxirə salınmasını zəruri edir.

Xüsusilə Mayami, Kanzas Siti, Nyu-York və Filadelfiya kimi klimasız stadionlara sahib şəhərlərdə riskin daha yüksək olduğu bildirilir. Bu şəhərlərdə keçiriləcək matçların bir hissəsində təhlükəli istilik ehtimalı diqqət çəkir.

Turnirin ən mühüm qarşılaşması sayılan Nyu-York/Nyu-Cersi finalının da 26 dərəcə həddi keçmə ehtimalının 8-də 1 olduğu, hətta daha yüksək temperatur riskinin mövcudluğu qeyd edilir.

FIFPRO nümayəndələri iqlim dəyişiklikləri fonunda oyunçuların təhlükəsizliyi üçün əlavə tədbirlərin vacibliyini vurğulayaraq xəbərdarlıqlarını təkrarlayıb.

London "Imperial College"dən tədqiqatçı Coys Kimutai bildirib ki, 1994-cü ildən bu yana ABŞ-da keçirilən turnirlə müqayisədə iqlim şəraiti ciddi şəkildə dəyişib və bəzi şəhərlərdə günün saatlarına görə oyunların yenidən planlaşdırılması belə riskləri tam aradan qaldırmaya bilər.

İqlim üzrə professor Friderike Otto isə Dünya Kuboku finalının belə "oynanması riskli ola biləcək istilik şəraitində” keçirilməsi ehtimalının FIFA və ictimaiyyət üçün ciddi xəbərdarlıq olduğunu bildirib.

Aydın
--> -->