1945-ci ilin iyulunda ABŞ alimləri və hərbçiləri Nyu-Meksikodakı uzaq ərazidə dünyanın ilk nüvə bombasını sınaqdan keçiriblər. "Trinity” sınağı nəticəsində yaranan partlayış 25 000 ton TNT-yə bərabər enerji buraxaraq ətraf mühiti tamamilə dəyişdirdi və qumu şüşəyə çevirərək "trinitit” adlanan materialı formalaşdırıb.
Qaynarinfo xəbər verir ki, "Live Science” nəşrinin məlumatına görə, həmin hadisədən 80 ildən çox keçməsinə baxmayaraq, bu material üzərində aparılan yeni tədqiqatlar hələ də gözlənilməz nəticələr ortaya çıxarır. "PNAS” jurnalında dərc olunan araşdırmada trinititin bəzi nümunələrində əvvəllər heç yerdə rast gəlinməyən xüsusi kristal strukturlar aşkar edilib.
Alimlər bu dəfə diqqəti "qırmızı trinitit”in nadir bir variantına yönəldiblər. Araşdırma zamanı məlum olub ki, bu nümunələrdə silisium əsaslı kvasikristallar və daha əvvəl müşahidə olunmamış kristal-klatrat strukturları mövcuddur.
Tədqiqatın aparıcı müəllifi, Florensiya Universitetindən mineralog Luka Bindi bildirib ki, bu cür materiallar ekstremal şəraitdə maddənin necə davrandığını anlamaq üçün mühüm açar rolunu oynayır.
Qırmızı trinititin rəngi partlayış zamanı ətrafdakı metal konstruksiyaların əriməsi və şüşəvari kütləyə qarışması nəticəsində yaranıb. Bu proses materialın tərkibini dəyişdirərək ona qeyri-adi çalarlar verib.
Yeni aşkarlanan kristal-klatratlarda silisium atomları mis və kalsiumu "qəfəsvari” strukturların içində saxlayır. Bu tip quruluşlar təbiətdə son dərəcə nadir hallarda müşahidə olunur və xüsusilə qeyri-üzvi maddələr üçün olduqca qeyri-adi sayılır.
Alimlərin fikrincə, bu, nüvə partlayışı nəticəsində əmələ gələn ilk klatrat kristallarından biridir.
Partlayış zamanı temperatur 1500°C-ni, təzyiq isə 8 giqapaskalı keçib. Bu göstəricilər Yer qabığının dərinliklərindəki şəraitə bənzəyir və atomların normalda mümkün olmayan strukturlar yaratmasına səbəb olub.
Tədqiqatçılar həmçinin bu yeni klatratların əvvəllər təsvir olunan trinitit kvasikristallarının yaranmasında ilkin mərhələ ola biləcəyini də araşdırıblar. Lakin aparılan riyazi analizlər bu ehtimalı zəif göstərib.
Alimlər bildirirlər ki, ildırım, meteorit toqquşmaları və nüvə partlayışları kimi ekstremal hadisələr maddənin yeni formalarını yarada bilər. Bu isə materialların formalaşma sərhədləri barədə mövcud bilikləri genişləndirir.
Aydın
Şərhlər