Xəbər lenti

Bütün milyarderlər itirdi, təkcə Uorren Baffet sərvətini artırdı -
Dünya 10:14 08.04.2025

Bütün milyarderlər itirdi, təkcə Uorren Baffet sərvətini artırdı - "Bloomberg"

Biznesmen və investor Uorren Baffet Trampın varlılara qarşı atdığı qlobal addım fonunda sərvətini artırmağı bacarıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazır.

Baffet bu il təkcə sərvətini qoruyub saxlaya bilən deyil, onu artıra bilən nadir şəxslərdən biri olub – bu da Trampın yeni rüsumlar tətbiq etməsi nəticəsində qlobal səhmlərin ucuzlaşmasına baxmayaraq baş verib. Dünya bazarları trilyonlarla dollar itirdiyi halda, Baffet sərvətini inamla artırmağa davam edib.

Bloomberg Milyarderlər İndeksinin məlumatına görə, bu ilin əvvəlindən etibarən əfsanəvi investorun sərvəti 11,5 milyard dollar artaraq 153,5 milyard dollara çatıb. Halbuki təkcə 2 aprel tarixindən sonra onun sərvəti 14,5 milyard dollar azalıb – həmin gün o, son beş ilin zirvəsinə çatmışdı.

Hazırda 94 yaşlı Baffet dünyanın ən varlı insanları reytinqində dördüncü yeri tutur. O, bu il sərvəti artan ilk 20 milyarder arasında cəmi iki nəfərdən biridir. Digəri isə L'Oréal SA imperiyasının varisi Fransuaza Bettankur-Mayersdir – o, bu il 1,8 milyard dollar qazanc əldə edərək Bloomberg siyahısında 19-cu pillədə qərarlaşıb.

Trampın bəyanatlarından sonra baş verən kütləvi satışlar ən varlılara ciddi zərbə vurub: cəmi iki ticarət sessiyasında dünyanın 500 ən varlı adamı 500 milyard dollardan çox itirib. Ən böyük zərərlə İlon Mask üzləşib – o, hələ də dünyanın ən varlı adamı olaraq qalsa da, bu il ərzində 134,7 milyard dollar itirib. Bazar ertəsi onun sərvəti 297,8 milyard dollara düşüb və bu, noyabrdan bəri ilk dəfə 300 milyardlıq həddən aşağı düşmədir.

Bazardakı təzyiqlərə baxmayaraq, Baffetin əsas şirkəti olan Berkshire Hathaway Inc.-in səhmləri 2 apreldən bu yana cəmi 8,8% dəyər itirib. Müqayisə üçün qeyd edək ki, bu dövrdə S&P 500 indeksi 10,7% azalıb.

Baffet konqlomeratının nisbətən sabit qalması onun əsas aktivlərinin əmlak və bədbəxt hadisələrə qarşı sığorta sahəsində cəmlənməsi ilə izah olunur – bu sahə qlobal ticarət zərbələrinə daha az həssasdır. Üstəlik, bəzi investorlar inanırlar ki, tanınmış fürsət ovçusu olan Baffet bu situasiyadan istifadə edib növbəti iri alış üçün zəmin yarada bilər.

Bununla belə, hələlik o, ehtiyatlı strategiyaya üstünlük verir. Son rüblərdə Baffet iri alqılardan yayınır, əvəzində isə Apple Inc. və Bank of America Corp.-dakı payını azaldıb – bu iki şirkətin səhmləri Trampın bəyanatlarından sonra ikirəqəmli faizlə dəyər itirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal ediləcək bütün xarici istehsal avtomobillərə və onların ehtiyat hissələrinə 25% rüsum tətbiq olunduğunu elan edib. Bu qərar 3 apreldən qüvvəyə minib. Həmçinin, ABŞ Avropa İttifaqı mallarına 20%-lik rüsum da tətbiq edib.

Bunun nəticəsində dünya birjalarında səhmlər ucuzlaşıb. Dollar son altı ayın minimumuna düşüb, ABŞ istiqrazlarının gəlirliliyi azalıb, Nasdaq fyuçersləri 3,2%, Avropa fyuçersləri isə demək olar ki, 2% dəyər itirib. Qızıl isə rekord səviyyələrə çatıb.

Bu səbəbdən Beynəlxalq Valyuta Fondu Trampın tətbiq etdiyi rüsumların dünya iqtisadiyyatı üçün risklər yaratdığı barədə xəbərdarlıq edib. Fondun rəhbəri Kristalina Georgiyeva bildirib ki, ekspertlər elan edilən tarif tədbirlərinin makroiqtisadi nəticələrini qiymətləndirməyə davam edirlər.

Alpər


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->