Çində 2026-cı il aprelin 4-də Hunan əyalətinin Çjucjou şəhərində yerləşən hava limanından 7,5 ton ağırlığında pilotsuz yük təyyarəsi havaya qalxıb. Təyyarə 300 metr hündürlüyə yüksələrək saatda 220 kilometr sürətlə 36 kilometr məsafə qət edib və 16 dəqiqədən sonra eniş edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review” nəşri yazıb.
Materialda qeyd olunub ki, təyyarədə "Aero Engine Corporation of China” şirkəti tərəfindən tam şəkildə hazırlanmış, meqavat sinfinə aid hidrogen yanacağı ilə işləyən AEP100 turbovint mühərriki quraşdırılıb.
"Sinxua” agentliyinin məlumatına əsasən, bu, dünyada ilk dəfə belə gücə malik hidrogen yanacaqlı turbovint mühərrikinin sınaq uçuşu olub.
Uçuş boyu mühərrik sabit şəkildə işləyib və qalxışdan enişə qədər normal göstəricilər nümayiş etdirib. Planlaşdırılmış bütün manevrlərdən sonra təyyarə təhlükəsiz şəkildə geri dönüb.
Çinin təyyarə mühərrikləri üzrə dövlət şirkəti olan AECC-nin mütəxəssisləri bildiriblər ki, bu uçuş ölkənin hidrogen aviasiya mühərrikləri üçün tam texnoloji zəncirə malik olduğunu təsdiqləyir. Bu zəncir həm əsas komponentlərin hazırlanmasını, həm də mühərrikin tam inteqrasiyasını əhatə edir.
Nəşr vurğulayır ki, AEP100 mühərrikinin əsas xüsusiyyəti sadəcə havaya qalxması deyil, mühərrikin daxilində baş verən prosesdir.
"AEP100 maye hidrogeni birbaşa turbin dövrəsində yandırır. Bu, adi reaktiv mühərriklərdə kerosinin yandırılması üçün istifadə olunan əsas yanaşma ilə eynidir. Mühərrik elektrik istehsalı üçün hidrogen yanacaq elementlərinə əsaslanmır. "Airbus” kimi Qərb istehsalçıları ilk kommersiya hidrogen təyyarələrində məhz bu yolu seçiblər”, deyə "Indian Defence Review” yazır.
Niyə Çin birbaşa yanmanı seçib?
Birbaşa yanma daha yüksək güc sıxlığı və daha asan miqyaslandırma imkanı verir. Bu isə iri təyyarələr üçün mühüm üstünlük hesab olunur. Bununla belə, əsas çətinlik yanacağın idarə edilməsidir.
Hidrogen kerosindən daha yüksək temperaturda yanır və təxminən mənfi 253 dərəcə Selsi temperaturunda saxlanmalıdır. Nəşrin qeydinə görə, maye hidrogenin uçuş boyu soyuq vəziyyətdə saxlanılması hələ də əsas mühəndislik problemlərindən biri olaraq qalır.
AECC şirkəti AEP100 mühərrikinin yanacaq sisteminin 16 dəqiqəlik uçuş zamanı istilik yüklənməsinin öhdəsindən necə gəldiyini açıqlamayıb. Sınaq qısa olsa da, mühərrikin sabit işlədiyini təsdiqləmək üçün kifayət edib. Lakin onun uzunömürlülüyü, texniki xidmət intervalları və istismar müddəti boyunca yanacaq səmərəliliyi barədə nəticə çıxarmaq üçün yetərli olmayıb.
Materialda qeyd edilir ki, mühərrik turbovint tipinə aiddir, yəni birbaşa reaktiv təkan yaratmaq əvəzinə vint sistemini hərəkətə gətirir. Bu konfiqurasiya Çin rəsmilərinin müəyyən etdiyi ilkin istifadə sahələrinə — pilotsuz yük daşımaları, ada logistikası və regional marşrutlara uyğun hesab olunur. Belə marşrutlarda infrastrukturun idarə olunması iri sərnişin hava limanları ilə müqayisədə daha asandır.
Enerji təhlükəsizliyi prioritetə çevrilir
Aprelin 4-də baş tutan uçuş qlobal neft bazarındakı gərginlik fonunda həyata keçirilib. İranla bağlı risklər tranzit marşrutlarını, xüsusilə Hörmüz boğazını təhdid edib. Beynəlxalq Enerji Agentliyi 400 milyon barel strateji ehtiyatı bazara çıxarıb və "Brent” markalı neftin qiyməti kəskin yüksəlib.
"Çinin dövlət mediası və AECC nümayəndələri hidrogen aviasiyasını həm ekoloji təşəbbüs, həm də enerji təhlükəsizliyi aləti kimi təqdim edirlər. İdxal olunan fosil yanacaqlardan asılılığın azaldılması Pekin üçün açıq prioritetə çevrilib. Xüsusilə aviasiya sahəsində kerosin dominant mövqedədir və uzunməsafəli uçuşlarda batareya əsaslı elektrikləşdirmə real görünmür”, deyə nəşr yazır.
Aydın
Şərhlər