Xəbər lenti

Liviyaya partlayıcı maddələr daşıyan Ukrayna təyyarəsi Trinidad və Tobaqoda saxlanıldı
Dünya 10:47 17.05.2026

Liviyaya partlayıcı maddələr daşıyan Ukrayna təyyarəsi Trinidad və Tobaqoda saxlanıldı

Trinidad və Tobaqoda texniki yanacaq doldurma üçün eniş edən Ukraynaya məxsus yük təyyarəsi saxlanılıb. Hadisə mayın 14-də baş verib.

Qaynarinfo xəbər verir ki, "Trinidad və Tobaqo Hava Limanları Administrasiyası”nın məlumatına görə, təyyarə beynəlxalq aviasiya və təhlükəsizlik protokollarına uyğun şəkildə bəyan edilməmiş partlayıcı maddələr daşıyıb.

Qurum bildirib ki, təyyarə Baham adalarından havaya qalxıb və Kabo-Verde istiqamətində uçub, lakin son təyinat məntəqəsi Liviya olub.

Təyyarə və Ukrayna vətəəndaşı olan ekipaj bir neçə milli və beynəlxalq təhlükəsizlik və hüquq-mühafizə orqanı tərəfindən aparılan araşdırma müddətində saxlanılıb.

Hazırda məlumdur ki, genişmiqyaslı yoxlamalardan sonra pilot və ekipajın məsuliyyət daşımadığı müəyyən edilib və onların Trinidad və Tobaqonu tərk etməsinə icazə verilib.

Hadisəni şərh edən ölkənin təhlükəsizlik naziri Rocer Aleksander bildirib ki, təyyarə bir neçə ton qadağan olunmuş təhlükəli əşya daşıyıb.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının yüksəkvəzifəli əməkdaşı "Guardian Media” nəşrinə bildirib ki, Ukrayna ekipajı partlayıcı maddələrin təyinatı ilə bağlı "əsaslandırılmış cavablar” verib. Bildirilib ki, həmin maddələr mədən sənayesi, karxanalar və sualtı işlərdə istifadə üçün nəzərdə tutulub.

"Militarnıy” nəşrinin yazdığına görə, saxlanılan Ukrayna təyyarəsinin reys nömrəsi CVK7078 olub. "Flightradar” xidmətinin məlumatına əsasən, bu nömrə Ukraynanın "Cavok Air” şirkətinə məxsus və onun tərəfindən istismar edilən "An-12B” yük təyyarəsinə aiddir.

"Airnavradar” xidmətinin məlumatına görə, təyyarə mayın 16-sı axşam saatlarında Trinidad və Tobaqodan havaya qalxıb.

Liviyadakı vəziyyət

Aprelin əvvəlində Fransanın RFI nəşri araşdırma dərc edərək Qərbi Liviyada Ukrayna hərbi mövcudluğunun aşkar edildiyini bildirib. Ekspertlər qeyd ediblər ki, bölgədə Ukrayna ilə Rusiya arasında gizli qarşıdurma güclənir.

Nəşrə danışan iki məlumatlı Liviya mənbəsinin sözlərinə görə, Tripolidəki Əbdülhəmid Dbeiba hökuməti ilə əldə olunan razılaşma əsasında ölkədə Ukrayna ordusunun 200-dən çox zabiti və eksperti yerləşdirilib. Bildirilib ki, ukraynalı hərbçilər üç müxtəlif nöqtədə fəaliyyət göstərirlər.
 
Aydın
--> -->