Xəbər lenti

Avropa kəşfiyyatı Rusiyaya aid vacib məxfi sənəd əldə etdi - WP
Dünya 11:26 13.03.2025

Avropa kəşfiyyatı Rusiyaya aid vacib məxfi sənəd əldə etdi - WP

Avropanın kəşfiyyat orqanlarından biri Federal Təhlükəsizlik Xidməti (FSB) ilə sıx bağlı olan nüfuzlu Rusiya analitik mərkəzi tərəfindən hazırlanmış sənədlə tanış olub. Bu sənəddə Rusiyanın ABŞ-ın Ukrayna ilə bağlı danışıqlardakı mövqeyini zəiflətmək üçün çalışmalı olduğu və Donald Tramp administrasiyası ilə digər ölkələr arasında gərginliyi qızışdırmalı olduğu qeyd edilir. Bundan əlavə, Moskvanın Ukrayna dövlətinin məhv edilməsi istiqamətində səylərini davam etdirməli olduğu vurğulanır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.
 
Nəşr bildirir ki, sözügedən sənəddə Trampın 100 gün ərzində sülh sazişi bağlamaq planları da rədd edilir və "Ukraynadakı böhranın sülh yolu ilə həlli 2026-cı ildən əvvəl mümkün deyil" fikri irəli sürülür.  

Sənəddə həmçinin Ukraynada hərbi kontingentin yerləşdirilməsi ilə bağlı istənilən planın qəbulolunmaz olduğu qeyd edilir. Moskva "işğal etdiyi Ukrayna əraziləri üzərində Rusiyanın suverenliyinin tanınmasında" israr edir. Bundan başqa, sənəddə "Ukraynanın şimal-şərqində, Bryansk və Belqorod vilayətləri ilə sərhəddə bir bufer zonanın, həmçinin 2014-cü ildə qanunsuz olaraq ilhaq etdiyi Krım yaxınlığında Ukraynanın cənubunda demilitarizasiya olunmuş zonanın yaradılması yolu ilə parçalanmasının davam etdirilməsinə" çağırılır. Jurnalistlərin yazdığına görə, bu, Odessa vilayətinə də təsir edəcək.  

Bundan başqa, sənəddə Rusiyanın danışıqlardakı mövqeyini gücləndirmək üçün müxtəlif təkliflər verilir: məsələn, ABŞ-a Rusiya faydalı qazıntılarına, o cümlədən işğal olunmuş Ukrayna ərazilərindəki resurslara çıxış imkanı təklif edilə bilər.  

"Sənəddə Rusiyanın orta mənzilli ballistik raketlərini Belarusa, yəni Avropa İttifaqı ilə sərhədə yerləşdirməməyə razılaşmalı olduğu, bunun qarşılığında isə ABŞ-ın yeni raket sistemlərini Avropa qitəsində yerləşdirməməyə razılaşacağı bildirilir. Həmçinin sənəddə Rusiyanın ABŞ-a "düşmən münasibət bəsləyən" ölkələrə silah tədarükünü dayandırmalı olduğu, əvəzində isə ABŞ-ın Ukraynanı silahlandırmaqdan imtina etməli olduğu qeyd edilir. Bununla belə, Moskvanın müttəfiqlərinə silah tədarükünün dayandırılmasının "çətin həyata keçiriləcəyi" vurğulanır", – materialda bildirilir.  

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq tərəfindən irəli sürülən ilkin sülh təklifləri sənəddə rədd edilir.  

Sənəddə həmçinin qeyd olunur ki, işğal olunmuş Ukrayna əraziləri üzərində Rusiyanın suverenliyinin rəsmi tanınmaması "çox güman ki", silahlı münaqişənin yenidən başlamasına səbəb olacaq, xüsusilə də ABŞ-da növbəti administrasiya dəyişikliyindən sonra.  

Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi və ya prorusiya partiyalarının iştirak edəcəyi seçkilərin keçirilməsi kimi mümkün güzəştlər "kifayət qədər geniş addımlar" hesab edilmir. Bunun əvəzinə, "Ukrayna hakimiyyətinin tamamilə məhv edilməsi" tələb olunur.  

Ukraynada hər hansı sülhməramlı kontingentin yerləşdirilməsi "tamamilə lüzumsuz" sayılır. Sənəddə ABŞ-ın sülh sazişindən sonra da Ukraynanı silahlandırmaq niyyətinin "qəbuledilməz olduğu" vurğulanır. Həmçinin Ukrayna ordusunun 1 milyon hərbçi səviyyəsində saxlanması da qəbulolunmaz hesab edilir.  

"Sənəddə Rusiyanı sülh sazişinə cəlb etmək üçün tətbiq olunan sanksiyaların qismən ləğvi təklifləri də rədd edilir", – müəlliflər əlavə edirlər.  

Qeyd olunur ki, bu sənəd fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutan Rusiya-ABŞ görüşündən bir həftə əvvəl hazırlanıb. Rusiya Xarici İşlər Nazirliyinə yaxın akademik bildirib ki, sənəddə irəli sürülən tövsiyələr Moskvada geniş konsensusla dəstəklənir. Bununla belə, o əlavə edib ki, Kremlin bu cür sənədlərə hansı dərəcədə reaksiya verdiyini heç vaxt tam dəqiqliklə bilmək olmur.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->