Xəbər lenti

Dünya 14:30 13.03.2025

"Putinin hərbi forma geyinməsi heç nəyi dəyişmir, Rusiyanın iqtisadi gücü tükənib"

"Putinin bu jesti ABŞ və Ukraynaya təzyiq xarakterli mesajdır. Digər tərəfdən, həmin addım daxili auditoriyaya qələbə mesajını vermək məqsədi daşıyıb".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya prezidenti Vladimir Putinin hərbi formada Kursk vilayətinə etdiyi səfəri şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, Rusiya prezidentinin Ukrayna ordusunun Kursk vilayətindəki mövqelərinə qarşı rus ordusunun əməliyyatlarını şəxsən, hərbi forma geyinərək müşahidə etməsi və burada müşavirə keçirməsi ciddi siyasətçilər tərəfindən çox gülünc qarşılanır:
 


"Müharibənin getdiyi dövr ərzində Putin ilk dəfə idi ki, hərbi forma geyinərək, hərbi qulluqçuların yanına gedib. Putinin bu jesti birbaşa ABŞ və Ukraynaya mesajdır və təzyiq xarakteri daşıyır. Digər tərəfdən, Putinin Kurska bu sayaq səfəri daxili auditoriyaya qələbə mesajını vermək məqsədi daşıyıb. ABŞ prezidentinin nümayəndələri artıq Moskvadadır. Burada Rusiya ilə danışıqlar aparırlar. Martın 15-də isə Trampla Putin arasında telefon danışığı olmalıdır. Belə bir dönəmdə Rusiya prezidenti hərbi formada Kursk vilayətinə gəlməklə dünyanın məhz Putinin ritorikası ilə hesablaşmalı olduğu mesajını verib".

Həmsöhbətimiz bildirir ki, Putin hətta Ukrayna ərazisində, Sumı vilayətində bufer zonası yaratmaqla bağlı göstəriş də verib:

"Bunun baş verməsi isə Ukrayna ərazilərinin növbəti hissəsinin işğalı demək olacaq. İstənilən halda Rusiyanın da müharibəni dayandırmağa ciddi ehtiyacı var. Müharibənin bir günü Rusiyaya 1 milyard dollara başa gəlir. Rusiya öz gücünü bərpa etmək üçün hələ çox yalvarmalı olacaq".

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin hərbi formada rus ordusunun Kurskda yerləşən bölmələrinə baxış keçirib. Burada o, Baş Qərargah rəisi Valeri Gerasimovun hesabatını dinləyib. Onu da vurğulayaq ki, bu Putinin Kursk vilayətinin bir hissəsi Ukraynanın əlinə keçəndən üzü bəri bölgəyə ilk səfəri idi. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->