ABŞ-ın dövlət katibi Marko Rubiо martın 12-də bildirib ki, əgər Rusiya razılıq versə, Rusiya ilə Ukrayna arasında atəşkəs artıq bir neçə gün ərzində başlaya bilər.
Qaynarinfo bu barədə "The New York Times"a
istinadla xəbər verir.
Rubiо qeyd edib ki, əgər Rusiyanın bir aylıq sükut rejimi təklifinə cavabı mənfi olsa, bu, çox məyusedici olacaq və "niyyətlərini açıq şəkildə göstərəcək".
"Biz dünyanın bir neçə gün ərzində belə görünməsini istəyirik: heç bir tərəf bir-birinə atəş açmır – nə mərmilərlə, nə raketlərlə, nə güllələrlə, ümumiyyətlə, heç bir artilleriya vasitəsilə", – deyə o, Səudiyyə Ərəbistanından Kanadaya uçarkən İrlandiyada yanacaq doldurma zamanı jurnalistlərə bildirib.
"Atəşkəs elan olunur, döyüşlər dayanır və danışıqlar başlayır", – deyə Rubiо əlavə edib.
Rubiо vurğulayıb ki, keçən ay Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyətinin rusiyalı rəsmilərlə görüşü zamanı Moskva müharibənin nizamlanması ideyasına açıq olduğunu göstərib.
"Onlar müəyyən olunmayan şərtlər daxilində bu münaqişəyə son qoymağa hazır olduqlarını ifadə etdilər", – deyə o bildirib.
Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanında keçirilən görüşün yekunlarına əsasən, Ukrayna əgər Rusiya də bu addımı atarsa, dərhal 30 günlük atəşkəsə razı olduğunu bəyan edib.
Rubiо bildirib ki, ABŞ Rusiyaya "atəşkəs" təklifini təqdim edəcək və onun razılığını gözləyir.
Alpər
Şərhlər