Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Albaniyanın Prezidenti Bayram Beqay ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, ilk növbədə COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə İlham Əliyevə təbriklərini çatdıran Bayram Beqay bu tədbir çərçivəsində aparılan danışıqlar prosesində ciddi nailiyyətlər əldə edildiyini və iqlim gündəliyi ilə əlaqədar vacib qərarların qəbul olunduğunu vurğuladı.
Qonaq Azərbaycan ilə Albaniya arasında siyasi əlaqələrlə yanaşı iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə də əməkdaşlığın uğurla davam etdirildiyini dedi və bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxundu, Azərbaycanın Albaniyanın qazlaşdırılması istiqamətində həyata keçirdiyi layihədən məmnunluğunu ifadə etdi.
Azərbaycan Prezidenti təbriklərə görə təşəkkürünü bildirdi, COP29-a hazırlıq üçün ölkəmizin qısa vaxtı olmasına baxmayaraq bütün təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində COP29-da iqlim gündəliyi ilə əlaqədar olduqca mühüm qərarların qəbul edildiyini məmnunluqla xatırladı.
İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı Azərbaycan ilə Albaniya arasında dostluq əlaqələrinin mövcud olduğunu vurğuladı, enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini dedi, Azərbaycanın Albaniyanın qazlaşdırılması layihəsində iştirakına toxundu.
Söhbət zamanı əməkdaşlığın perspektivləri və ikitərəfli gündəliyə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə XII Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran məsələlərinin müzakirəsi baxımından əhəmiyyətinə toxunuldu. Bayram Beqay bu tədbirdə mütəmadi olaraq iştirak etməsini məmnunluqla vurğuladı.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərini və səfər çərçivəsində Jelka Tsviyanoviç ilə keçirdiyi görüşü, aparılmış müzakirələri məmnunluqla xatırladı.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumuna dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri bu Forumun yüksək səviyyədə təşkil olunduğunu, tədbir çərçivəsində qlobal gündəliyə aid mühüm məsələlərin müzakirə edildiyini vurğuladı.
Jelka Tsviyanoviç COP29 zamanı Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladı, COP29 çərçivəsində əldə edilən nailiyyətləri yüksək qiymətləndirdi.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari, enerji, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Bolqarıstanın xarici işlər naziri Georq Georqievi qəbul edib.
Qaynarinfo xəbər verir ki, qonaq XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunaraq, bu tədbirdə vacib məsələlərin müzakirə olunduğunu vurğuladı.
Georq Georqiev Azərbaycanla Bolqarıstan arasında dostluq münasibətlərinin olduğunu deyərək, əməkdaşlığımızın bu prinsiplər əsasında hərtərəfli inkişaf etdiyini bildirdi. Bu xüsusda, o, ölkələrimiz arasında iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji, nəqliyyat, mədəniyyət, turizm, insanlararası əlaqələr və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu dedi. Bolqarıstanın xarici işlər naziri Bakı ilə Sofiya arasında birbaşa uçuşların həyata keçirilməsinin vacibliyinə toxundu.
Prezident İlham Əliyev Bolqarıstana rəsmi səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırladı.
Dövlətimizin başçısı əlaqələrimizin inkişafını qeyd edərək, enerji sahəsində əməkdaşlığa toxundu. Prezident İlham Əliyev Azərbaycan qazının bu gün Bolqarıstan bazarına çatdırılmasının əhəmiyyətini və bunun Bolqarıstanın enerji təminatında rolunu vurğuladı.
Azərbaycanla Bolqarıstanın bərpaolunan enerji sahəsində əməkdaşlığı məsələsi qeyd edildi. Dövlətimizin başçısı, bu xüsusda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bərpaolunan enerji layihəsinə Bolqarıstanın da bir tərəfdaş kimi qoşulması münasibətilə təbriklərini çatdırdı. Bu istiqamətdə də ölkələrimiz arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.
Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Fatih Birola "Dostluq” ordenini təqdim etdi.
Fatih Birol bu ordenə COP29-da Azərbaycanın sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.
Prezident İlham Əliyev Fatih Birola ölkəmizlə həyata keçirdiyi əməkdaşlığa və COP29-da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
Fatih Birol da öz növbəsində "Dostluq” ordeni ilə təltif olunmasından böyük qürur hissi duyduğunu dedi.
O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və etibarlı tərəfdaş olduğunu vurğuladı.
COP29-da əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdıran Fatih Birol bu tədbirdə çox çətin və mürəkkəb danışıqlar prosesinin aparıldığını dedi və iqlim gündəliyi ilə əlaqədar yaxşı nəticələrin əldə edildiyini diqqətə çatdırdı.
Fatih Birol XII Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək, bu tədbiri beynəlxalq səviyyədə mühüm məsələlərinin müzakirəsi baxımından vacib platforma kimi qiymətləndirdi. O, gələcəkdə də Forumla əməkdaşlıq imkanları ilə bağlı fikirlərini bölüşdü.
Söhbət zamanı qlobal enerji məsələlərinə dair fikir mübadiləsi aparıldı.
***
Prezident İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
Qaynarinfo xəbər verir ki, Tedros Adhanom Qebreyesus COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və bu konfrans çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini deyib.
Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq Azərbaycan tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işlərin görüldüyünü qeyd edib.
Tedros Adhanom Qebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi dəstəyə və könüllü maliyyə töhfələrinə görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi qurumun Azərbaycanla birlikdə müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrin önəminə toxunub.
Görüşdə Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlıq məsələlərinə, həmçinin BMT strukturlarının gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı XII Qlobal Bakı Forumunun və onun gündəliyində duran məsələlərin əhəmiyyəti vurğulanıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib.
Qaynarinfo xəbər verir ki, Rebeka Qrinspan COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsi və həmin tədbirdə çox mühüm nəticələrin əldə edilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, beynəlxalq səviyyəli mühüm məsələlərin müzakirəsi üçün bu tədbirin böyük rol oynadığı vurğulandı.
Görüşdə ölkəmizlə BMT strukturları arasında uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluq ifadə olundu, Azərbaycanın BMT institutlarının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələri qeyd edildi.
Ölkəmizin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi bildirildi, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri sahəsindəki nailiyyətləri yüksək qiymətləndirildi.
Şərhlər