Dinozavrların növ müxtəlifliyinin təxminən 75 milyon il əvvəl zirvəyə çatıb, sonra isə 66 milyon il əvvəl Yerə çırpılan "qatil asteroid"dən əvvəl tədricən azaldığı barədə geniş yayılmış fikir yeni tədqiqatla təkzib olunub.
Qaynarinfo xəbər verir ki, "Interesting Engineering" portalının yazdığına görə, London Universitet Kollecinin alimləri bu nəzəriyyəni təkzib edib. Onlar bildiriblər ki, dinozavrlar asteroid zərbəsindən əvvəl tənəzzül dövrü deyil, əksinə, çiçəklənmə mərhələsi yaşayırmış və onların növ müxtəlifliyi fosillərin sübut etdiyindən daha geniş ola bilərmiş.
Tədqiqat qrupu Şimali Amerikada aşkar olunmuş fosilləri – yəni son təbaşir dövrünə aid dinozavr qalıqlarının yarıdan çoxunun tapıldığı ərazini diqqətlə araşdırıb. Alimlər asteroid zərbəsindən əvvəlki 18 milyon ili əhatə edən 8000-dən çox fosili təhlil ediblər.
Tədqiqat dörd əsas dinozavr qrupuna (kladasına) yönəlib:
* Ankilozavrlar (zirehli ot yeyənlər),
* Tritseratopslar (üç buynuzlu iri ot yeyənlər),
* Hadrozavrlar (ördəkdimli ot yeyənlər),
* Tiranozavrlar (Tiranozavr Reks kimi ətyeyənlər).
Tədqiqat müəllifi doktor Kris Dinin sözlərinə görə, fosil qeydlərinin keyfiyyəti asteroidin çırpılmasından əvvəlki son altı milyon ildə pisləşib. Onun izahına görə, həmin dövrdə dinozavrların yaşadığı ehtimal olunan ərazilərdə onların fosillərinin tapılma ehtimalı azalıb, halbuki dinozavrların orada mövcudluq ehtimalı sabit qalıb. Bu da onu göstərir ki, təkcə fosillərə əsaslanaraq tənəzzül nəticəsi çıxarmaq düzgün deyil.
Fosil çatışmazlığı yox olmaq demək deyil
Dinozavrların potensial yaşayış sahəsini qiymətləndirmək üçün alimlər "yaşayış ehtimalının modelləşdirilməsi” adlı yanaşmadan istifadə ediblər. Bunun üçün Şimali Amerika ərazisi tor şəklində hissələrə bölünüb və hər bir dinozavr qrupu üçün bu torlarda hansı əraziləri əhatə edə biləcəkləri dörd fərqli zaman kəsiyində analiz olunub.
"18 milyon il ərzində bu dörd dinozavr qrupunun yaşadığı ehtimal edilən ərazi ümumilikdə sabit qalıb. Bu isə onların tənəzzülə uğramadığını və asteroid hadisəsi baş verməsəydi, böyük ehtimalla məhv olmayacaqlarını göstərir", deyə "Interesting Engineering" yazır.
Alimlər fosil tapıntılarının azalmasını əsasən geoloji dəyişikliklərlə, yəni təbaşir dövrünə aid süxurların yer səthində az görünməsi ilə əlaqələndirirlər. Bitki örtüyü, eroziya və ya torpaq qatı altında qalıb fosillərin aşkarlanmasının çətinləşməsi də bu azalmada mühüm rol oynayıb.
Tədqiqatın həmmüəllifi doktor Alessandro Kyarentsa bu fikirlə razılaşaraq qeyd edib:
"Dinozavrların Mezozoy erasının sonunda məhv olması qaçılmaz deyildi. Əgər asteroid hadisəsi baş verməsəydi, onlar bu gün də məməlilərlə, sürünənlərlə və onlardan törəmiş quşlarla birlikdə Yer kürəsini bölüşə bilərdilər".
Aydın
Şərhlər