Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya sahəsində təcrübə və həll yollarının paylaşılması baxımından mühüm platformadır.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Habitat Peşəkarları Forumunun həmsədri, Dayanıqlı Urbanizasiya Konsorsiumunun təsisçilərindən biri Lans Braun deyib.
O qeyd edib ki, uzun illərdir şəhərsalma və memarlıq sahəsində fəaliyyət göstərir, həmçinin Ümumdünya Şəhərsalma forumlarının əksəriyyətində iştirak edib. Lans Braunun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat müxtəlif ölkələrdən mütəxəssisləri bir araya gətirərək dayanıqlı şəhər inkişafı ilə bağlı təcrübə mübadiləsi aparır.
Forum iştirakçısı Bakının Ağ Şəhər layihəsini xüsusi qeyd edərək, ağır sənaye zonalarının şəhər mərkəzindən uzaqlaşdırılmasını urbanizasiya baxımından mühüm addım kimi qiymətləndirib. O, Azərbaycanın mədəni infrastrukturu, ictimai məkanları və şəhərsalma yanaşmasından müsbət təəssürat aldığını bildirib. Bununla yanaşı, enerji və nəqliyyat sahəsində uzunmüddətli yanaşmaların vacibliyini vurğulayıb, alternativ enerji mənbələrinin inkişafının ətraf mühitin qorunması baxımından əhəmiyyətini qeyd edib.
Şərhlər