Xəbər lenti

Bizdə Elçin, onlarda isə Erik...
Amal Abuşov
İdman 11:11 15.05.2026

Bizdə Elçin, onlarda isə Erik...

Azərbaycan Kubokunun finalı yenə də bayrama çevrildi. Artıq buna bir növ vərdiş etmişik. Peşəkar Futbol Liqasının fədakar və zəhmətkeş əməkdaşları belə vacib qarşılaşmaları əsl bayrama çevirməyi bacarır. Söhbət təkcə final görüşlərindən əvvəl təşkil olunan şou proqramlardan və yaxud da təltifetmə zamanı yaradılan möhtəşəm görüntülərdən getmir. PFL hər dəfəsində yeni nəsə ortaya qoyur ki, həmin o yeniliklər sayəsində bu tip oyunlar Azərbaycan futbolunun tarixində yaddaqalan səhifəyə çevrilir. Peşəkar Futbol Liqasının əməkdaşları öz işlərini o qədər sevə-sevə həyata keçirirlər ki, bu yolda öz sağlamlıqlarını riskə atmaqdan belə çəkinmirlər.

Bizim futbolumuzun məhz bu cür peşəkarlara, öz işini sevərək görənlərə, ona can yandıranlara ehtiyacı var. Cəmiyyətin bütün digər sahələrində olduğu kimi, futbolda da bu ehtiyacı açıq-aşkar hiss edirik. Bizdə öz işini vicdanla görən insanlar çatmır. Çoxları çalışır ki, hər şeyi yola versin, gününü keçirsin. Əsas problemimiz də budu. O cümlədən də futbolumuz belələrindən əziyyət çəkir. Uşaq məşqçilərindən tutmuş AFFA-da rahat kürsülərdə oturanlara qədər bu cür məsuliyyətsiz, bivec adamlara rast gəlmək mümkündür. Ona görə də milyonlarımızı, elə həmin milyonlardan daha qiymətli olan zamanımızı itiririk. Amma əvizində Azərbaycan futbolu irəli gedə, inkişaf edə bilmir.

İnsan yaxşıya ümid etmək, gələcəyə nikbin baxmaq istəyir. Elə həmin məqamda da yaxşılar barədə düşünürsən, onların varlığına şükr edirsən ki, belələri nikbin olmaq üçün əsaslar verir. O qəbildən olan insanlara da Peşəkar Futbol Liqasının fədakar əməkdaşları daxildir. Mən bu yazını bütünlükdə onların fəaliyyətinə həsr edə də bilərdim. Amma istədim ki, kubokun finalından sonra mövsümü yavaş-yavaş yekunlaşdırmaqdaykən digər pozitiv məqamlara da toxunum. Belə məqamlar son mövsümdə heç də az olmadı. Nəhayət ki, Azərbaycan futboluna azarkeş marağının artdığını müşahidə etdik. Azarkeşlər yavaş-yavaş tribunalara qayıtmağa başladılar.

Bu qayıdış həm premyer-liqa iştirakçılarının sayının artmasıyla, həm də "Sabah”ın timsalında "Qarabağ”a layiqli rəqibin gəlməsi ilə bağlı oldu. Proses elə bir şəkil aldı ki, "Sabah” "Qarabağ”a layiqli rəqabət təklif etməklə kifayətlənmədi, onu üstələməyi də bacardı. Bu üstünlük gənc komandaya olan diqqəti və hörməti də artırdı. "Sabah”dan danışarkən onun bacarıqlı çalışdırıcısı Valdas Dambrauskasın da adını mütləq xatırlamalıyıq. Litvalı mütəxəssis özünü sözün bütün yaxşı mənalarında göstərməyi bacardı. İndi əsas sual "Sabah”ın bu uğurun davamını avrokuboklarda gətirib-gətirməyəcəyidir. Düşünürəm ki, "Sabah” avrokuboklarda heç də pis mübarizə aparmayacaq, "Qarabağ” qədərini edə bilməsə belə, müəyyən uğurlar qazanacaq.

Sonda hakimlik mövzusuna da toxunum. Bir qədər də ağrılı yerimiz hakimlikdir. Xüsusən də bu mövsüm hakimliklə bağlı xeyli mübahisələr, qalmaqallar yaşandı. Amma Rəhim Həsənovun timsalında bu sahəyə gənc və azərbaycanlı rəhbərin təyinatı da sevindirici məqamdır. Bəli, səhvlər var idi. Bəzən bu səhvlər nəticəyə təsir edəcək qədər böyük oldu. Neynəmək olar? Çempionlar Liqasında, dünya və Avropa çempionatlarının vacib oyunlarında belə səhvlər olur. Heç VAR da səhvlərin kökünü kəsə bilməyib. Ölkə kubokunun finalında Elçin Məsiyevin rəhbərlik etdiyi briqadanın qüsursuz və qətiyyətli idarəçiliyi ürəklərə su səpdi. Deməli, istəyəndə, yaxud da təzyiq az olanda bizimkilər də yaxşı oyun idarə edə bilirlər. Zamanla səhvlərin minimuma enəcəyini, söz-söhbətlərin səngiyəcəyini də gözləməyə dəyər.

Azərbaycan kubokunun finalını azərbaycanlı FİFA referisi Elçin Məsiyev əla idarə etdi. Ona bu işdə yan xətt hakimləri Pərvin Talıbovla Elşad Abdullayev yardımçı oldular. Hər üçü azərbaycanlı hakimlər idi. Ermənistanda isə ölkə kubokunun finalını tapşırmağa hakim tapmadılar. Ciddi sözümdür. Ermənistan kubokunun finalında Belçikadan gələn hakimlər söz sahibi olub. Erik Lambreçtsə həmyerliləri Jo De Veirdtlə Matias Hillaert yan xətt hakimi kimi kömək göstəriblər ki, Ermənistan kubokunun finalında ədalətli idarəçilik olsun. Zəif də olsa, təsəllidir. Biz öz yaxşılarımızı qorumağa, onları daha da inkişaf etdirməyə çalışaq. İnanaq ki, hər şey yaxşı olacaq.

Amal Abuşov
--> -->