Xəbər lenti

Elnarə AKİMOVA
Siyasət 12:10 27.04.2026

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

Hernika dünyanın siyasi  yaddaşına 1937-ci ildə - müdhiş müharibə fəlakəti olaraq daxıl oldu. Elə həmin ildə o, sənət tarixinə müharibə əleyhinə yaradılmış nadir tablo – Pikassonun "Hernika” əsəri ilə adladı. Rəssamın  ağ və qara rənglərin harmoniyasından yaratdığı "Hernika” zaman keçdikcə sənət tarixinin müharibə əleyhinə ritualına çevrildi.  Faşistlər Fransada tablo ilə bağlı Pikassodan soruşmuşdular: "Bunu sizmi yaratmısınız? Cavab qısa və dərin olmuşdu. "Xeyir, bunu siz yaratdınız”. Budur, o üçüncü dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi bu gün həm də onu göstərir ki, sülh və harmoniya axtarışı bəşəriyyətin dəyişməz ali həqiqətləri sırasındadır və xüsusən, indiki sınaq məqamlarında daha çox əməl cizgisi kəsb edir. Müzəffər liderimiz İlham Əliyev sübut etdi ki, öz dövlətinin, öz millətinin mənafeyini prioritetə çevirəndə, onun dəyərlərinə hörmət edəndə digər xalqlara, dövlətlərə də rəqib, yaxud istismar obyekti kimi baxmırsan, onlara məxsus olan dəyərlərə etinasız yanaşmırsan. Bu əxlaq siyasətini öz tərcümeyi-halına çox az dövlət başçısı yazdırmağa müvəffəq olub. Prezident İlham Əliyev bunu bacardı! Dünyagörüşünün qlobal xarakteri, bəşəriyyət qarşısında məsuliyyət hissi, eyni zamanda milli mənafenin hər şeydən uca tutulması amili ona dünya diplomatiyasında müstəsnalıq qazandırdı. 

Cənab Prezident bütün görüşlərdəki çıxışları ilə həm məzmun, həm də ton baxımından qlobal siyasətə aydın mesajlar verirdi, Azərbaycanın beynəlxalq humanitar məsuliyyətinə əsaslanan mövqeyini ortaya qoyurdu: "Bizim baxışımız sülh və inkişaf üzərində qurulub - beynəlxalq hüquqa, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan bir dünya nizamı yaratmaq istəyirik"! Bu fikirlər bir daha sübut edir ki, Azərbaycan müharibə və qarşıdurmalardan uzaq, konstruktiv dialoqa üstünlük verən bir dövlət kimi tanınır.

Bu beynəlxalq görüşlərdə baş verənlər, əslində, Azərbaycanın diplomatik tarixində bir mərhələdir. Böyük qlobal tribuna, fərqli regionlar, amma eyni məzmunlu mesaj: ədalət, sülh, əməkdaşlıq və müstəqillik! Vaxtilə böyük qırğız yazıçısı Çingiz Aytmatov məşhur "Kassandra damğası"nda yazırdı: "İndi artıq dünya qan tökməklə problemləri həll etmək yolunu tuta bilməz. Müharibə kultunun yerinə mütləq dünya mədəniyyəti gəlməlidir. Dünya paytaxtlarının mərkəzində mütləq at belində sərkərdələr görürük. Bəs sülh istəyən böyük şəxsiyyətlər hanı?"

Hələ 80-ci illərin sonlarında Misir yazıçısı Nəcib Məhfuzun Nobel alarkən etdiyi çıxışda belə fikirlər yer alırdı: "Bu gün sivil liderin böyüklüyü onun dünyagörüşünün qlobal xarakterinə və bütün bəşəriyyət qarşısında məsuliyyət hissinə görə qiymətləndirilməlidir. Biz bütün dünyanın yaxşılığını düşünən liderlər dövrünə qədəm qoymalıyıq".

Yəni o məqamlar ki, humanitar düşüncəni, fikir adamlarını illərlə narahat edib, çıxış yolu kimi məhz o məqama istinad olunub ki, orda qlobal xaosu kosmosa çevirən, ahəngə və nizama xidmət edən dövlət başçılarının rolu prioritetə çevrilsin! 

Bu gün Prezident İlham Əliyevin qlobal liderlik missiyası təkcə Azərbaycanın deyil, bütövlükdə dünyanın sabitliyi və inkişafı üçün yol xəritəsidir: balanslı, müstəqil və milli maraqlara əsaslanan siyasət! Qalib ölkə olaraq Azərbaycan sülhü yalnız bəyanatlarla deyil, əməli addımlarla qurur. Və elə bu məram - sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi bu gün İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir! "Gernika mükafatı” bu mənada, bu ali əmələ verilən dəyərdir, eyni zamanda, cənab Prezidentin özünün qeyd etdiyi kimi, "sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir"!

Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru
--> -->