Xəbər lenti

Yeni araşdırma arıqlama ilə bağlı təsəvvürləri dəyişdi: 4 ayda 14 faiz çəki itkisi
Sağlamlıq 23:41 15.05.2026

Yeni araşdırma arıqlama ilə bağlı təsəvvürləri dəyişdi: 4 ayda 14 faiz çəki itkisi

Alimlər 284 yetkin üzərində aparılan yeni eksperimentin nəticələrinin arıqlama ilə bağlı ən geniş yayılmış fikirləri dəyişdirdiyini bildirirlər.

Qaynarinfo "The Independent” nəşrinə istinadən xəbər verir ki, Norveç tədqiqatçıları sürətli arıqlamanın nəinki daha çox çəki itkisi təmin etdiyini, həm də nəticələrin uzunmüddətli qorunmasına kömək etdiyini ortaya çıxarıb. Araşdırma Türkiyədə keçirilən Avropa Obezlik Konqresində təqdim olunub.

Norveçdəki Vestfold Hospital Trust klinikasının alimləri 284 nəfər üzərində təcrübə aparıblar. İştirakçılar iki qrupa bölünüb və fərqli pəhriz modelləri tətbiq olunub.

Birinci qrup sürətli arıqlama proqramı izləyib. Onlar ilk iki ay ərzində gündə yalnız 1000 kalori qəbul ediblər, daha sonra tədricən 1500 kaloriyə keçiblər.

İkinci qrup isə "tədrici arıqlama” metodundan istifadə edib — onların gündəlik rasionundan sadəcə 1000 kalori azaldılıb və nəticədə orta hesabla 1400 kalori qəbul ediblər.

Nəticələr gözləniləndən daha fərqli olub. İlk 4 ayda sürətli arıqlama qrupunda orta çəki itkisi təxminən 13% təşkil edib, tədrici qrupda isə bu göstərici 8% olub.

Bir il sonra aparılan yoxlamada fərq daha da artıb: sürətli arıqlayanlar ümumilikdə 14%-dən çox çəki itirib, digər qrup isə təxminən 10,5%-də qalıb.

Tədqiqatın aparıcı müəllifi, doktor Layn Kristin Conson bildirir ki, nəticələr "sürətli arıqlama mütləq çəkinin geri qayıtmasına səbəb olur” fikrini təkzib edir. Onun sözlərinə görə, bu yanaşma nəzarət altında daha effektiv ola bilər.

Kembric Universitetinin tədqiqat proqramları rəhbəri Mari Sprikli isə bu nəticələrin pəhriz və çəki nəzarəti sahəsində "oyun qaydalarını dəyişdiyini” vurğulayıb.

Aydın
--> -->