FIFA-nın "Qarabağ”a tətbiq etdiyi transfer qadağası ləğv olunub. Ali futbol qurumu mayın 8-də qoyduğu "stop”u bu gün götürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sportinfo.az” məlumat yayıb.
FIFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoymuşdu. Lakin məlum olub ki, "Qarabağ”ın bu məsələ ilə bağlı problemi həllini tapıb. Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən "Neftçi” ilə eyni taleyi yaşayıb.
Sayt son olayla bağlı mühüm bilgi əldə edib. Alınan informasiyaya görə, "Qarabağ” Julio Romaoya görə bu vəziyyətlə üzləşib. Belə ki, braziliyalı yarımmüdafiəçini 2022-cü ilin yayında sıralarına qatan "köhlən atlar”dan FIFA-ya şikayət edən "Santa Klara” olub.
Portuqaliya klubu 2025-ci ilin yayında "Qarabağ”ın Romaonu "Ferentsvaroş”a göndərib, əvəzində Kadi Borgesi geri qaytardığı transfer əməliyyatına görə beynəlxalq quruma öz narazılığını bildirib. "Santa Klara” bu "dəyiş-düyüş”ə görə təzminat tələbi irəli sürüb.
Bu səbəbdən FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu "qırmızı siyahıya salıb”. Yalnız əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.
Şərhlər