Pilotsuz uçuş aparatları (PUA) Rusiya Federasiyasının Moskva vilayətinin Serpuxov şəhərində yerləşən "Oka-mərkəz" neft bazasına hücum edib.
Qaynarinfo xəbər verir ki, bu barədə rusiyalı Telegram kanalları məlumat
yayıb.
Astra kanalı dronun "Oka-mərkəz" neft bazasına zərbə endirdiyini, Mash isə ehtimal edir ki, yanacaq çənlərinə vurulan ziyan vurulmuş pilotsuz aparatın qalıqları nəticəsində meydana gəlib.
Serpuxov meri Aleksey Şimko hücumun nəticələri və xəsarət alanlar barədə məlumat verməyib. Lakin Moskva vilayətinin qubernatoru Aleksey Vorobyov daha əvvəl Serpuxovu hücuma məruz qalan şəhərlər arasında qeyd etmişdi.
Foto və video materiallar göstərir ki, neft bazası həqiqətən də zədələnib.
"Oka-mərkəz" neft bazası müxtəlif yanacaq növlərinin – benzin, dizel yanacağı və s. saxlanması və yüklənməsi ilə məşğuldur.
Bundan əvvəl Moskvaya genişmiqyaslı dron hücumu barədə məlumat verilmişdi. Rusiya hakimiyyəti paytaxt üzərində guya 74 pilotsuz uçuş aparatının vurulduğunu iddia edib. Ümumilikdə, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 11 mart gecəsi Rusiya ərazisinə yüzlərlə pilotsuz aparat hücum edib və onlardan 337-si guya məhv edilib.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu hücum guya Rusiya ilə Ukrayna arasında müharibəyə dair danışıqlarla bağlı yaranmış "tendensiyanı xeyli poza bilər".
Rusiya özünün Ukraynaya qarşı apardığı müharibəni bitirmək üçün guya danışıqlara hazır olduğunu bəyan edir. Lakin eyni zamanda, yalnız öz şərtləri əsasında – hazırda qismən işğal altında saxladığı dörd Ukrayna vilayətinin tam ələ keçirilməsi ilə razılaşmağa hazır olduğunu bildirir.
Bununla yanaşı, Rusiya hər gün Ukraynanın mülki yaşayış məntəqələrini raketlər və pilotsuz uçuş aparatları ilə hücuma məruz qoyur, yaşayış binalarını, enerji infrastrukturlarını məhv edir və dinc sakinləri qətlə yetirir.
Ukrayna isə əvvəllər Rusiyada hədəf kimi yalnız silah istehsal edən zavodları və Rusiya hərbi texnikasını yanacaqla təmin edən neft bazalarını seçdiyini bəyan edib. Rusiyalı Telegram kanallarında yayımlanan foto və video materiallar Ukrayna qüvvələrinin Rusiya ərazisində yalnız hərbi-sənaye kompleksinə aid obyektlərə hücum etdiyini təsdiqləyir.
Alpər
Şərhlər