Xəbər lenti

Putin heç bir kompromisə getmək fikrində deyil və savaşı davam etdirməyə hazırdır -
Dünya 17:59 11.03.2025

Putin heç bir kompromisə getmək fikrində deyil və savaşı davam etdirməyə hazırdır - "Bloomberg"

Vladimir Putin ukraynalılar üçün qəbuledilməz tələblər irəli sürüb, çünki o, istənilən halda heç bir kompromisə getmək fikrində deyil. Bu isə ABŞ prezidenti Donald Trampın sülh sazişi üçün göstərdiyi səyləri çətinləşdirir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg Qərb rəsmilərinə istinadən yazır.  

"Qərb rəsmiləri bildiriblər ki, Rusiya prezidenti Vladimir Putin ərazilər, sülhməramlılar və Ukraynanın neytrallığı ilə bağlı heç bir kompromisə getmək niyyətində deyil. Bu isə prezident Donald Trampın etibarlı sülh sazişinə nail olmaq səylərini çətinləşdirir", – deyə məqalədə qeyd olunur.  

Bildirilir ki, Putin danışıqlar ərəfəsində qəsdən "maksimalist" tələblər irəli sürüb və o, bu tələblərin ukraynalılar və avropalılar üçün qəbuledilməz olduğunu bilir. Eyni zamanda, nəşrin mənbələrinə görə, o, müharibəni davam etdirməyə hazırdır.  

Məqalədə vurğulanır ki, Putinin niyyətlərinin bu cür qiymətləndirilməsi "onun Ukrayna ilə real və uzunmüddətli sülh razılaşması üzrə danışıqlara ciddi yanaşıb-yanaşmadığını şübhə altına alır".  

"Bundan əlavə, bu, Trampın cümə günü Ağ Evdə jurnalistlərə bildirdiyi "Putinin sülh istəyir” fikri ilə də ziddiyyət təşkil edir", – deyə materialda qeyd olunur.  

Həmçinin nəşr Kremlin sözçüsü Dmitri Peskovun sözlərini sitat gətirib. Peskov Qərb rəsmilərinin Rusiyanın mövqeyinə dair bu qiymətləndirməsinin "həqiqətə uyğun olmadığını" bildirib.  

"Rusiya Ukrayna ətrafında sülh səylərinə, sülh yolu ilə nizamlanmaya açıqdır və biz, əslində, məqsədlərimizə dinc və diplomatik yollarla çatmağa üstünlük veririk", – deyə Peskov bildirib və əlavə edib ki, "əgər bu gün və sabah Ukraynanın danışıqlara hazır olduğu göstərilsə, bu, tamamilə fərqli bir vəziyyət olacaq".  

Qeyd edək ki, 11 mart çərşənbə axşamı Ciddədə Ukrayna və ABŞ arasında danışıqlar başlayıb. Ukrayna tərəfdən bu görüşdə Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustem Umerov və Prezident Aparatı rəhbərinin müavini Pavel Palisa iştirak edirlər.  

Qeyd olunurdu ki, ABŞ nümayəndələri bu görüşdən istifadə edərək Kiyevin Rusiyaya güzəştə getməyə hazır olub-olmadığını müəyyən etmək istəyir. Bundan başqa, ABŞ Ukraynanın Ağ Evin yeni administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa ciddi yanaşıb-yanlaşmadığını öyrənmək istəyir. Bu isə Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenskinin qalmaqallı görüşündən sonra daha da aktuallaşıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->