Xəbər lenti

Ər-Riyad danışıqlarından nə gözləmək olar? (ŞƏRH)
Dünya 17:17 11.03.2025

Ər-Riyad danışıqlarından nə gözləmək olar? (ŞƏRH)

"Danışıqlar heç də asan getməyəcək və əsaslı nəticənin əldə olunması hələ tezdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Səudiyyə Ərəbistanında keçiriləcək ABŞ-Ukrayna danışıqlarını şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, ABŞ-ın birtərəfli qaydada sülhə məcburetmə taktikası zahirən sanki işə yaramış kimi görünür:

"Yəni Ukrayna lideri razılaşmağa yatımlı kimi görünür. Ancaq fikrimcə, bu o qədər də asan məsələ deyil. Burada atəşkəsin elan edilməsi, Rusiya tərəfindən tutulan ərazilərin böyük hissəsinin Kiyev tərəfindən Moskvaya güzəşt edilməsi, Ukraynanın NATO-ya inteqrasiyasının bəlli müddətə dondurulması və Ukraynadakı sərvətlərin ABŞ-la birgə istifadəsi kimi məlum razılaşmadan söhbət gedir". 
 
Həmsöhbətimiz qeyd edir ki, bu məsələlər təkcə Zelenskinin iradəsinə aid məsələ deyil:

"Hətta Ukrayna müxalifətinin liderləri ABŞ nümayəndələrilə görüşdə indiki halda seçkiyə getməyin doğru olmadığını, hazırkı prezidentin ətrafında olduqlarını bəyan ediblər. Ona görə danışıqların asan gedəcəyini düşünmürəm. Zelenski ABŞ-ın bütün diktə etdiyi şərtləri qəbul etməyəcək. Trampla görüşündən sonra Zelenskinin ölkədəki reytinqi 67 faizə yüksəlib".
 


Konfliktoloqun fikrincə, yalnız atəşkəs və bəzi korrektlərlə sərvətlərin birgə istifadəsi məsələsində ümumi razılığın olması mümkündür:

"Digər tərəfdən Kiyev ABŞ təhlükəsizlik zəmanəti ala bilsə, bu istiqamətdə də irəliləyiş mümkündür. Ərazi güzəştləri məsələsi isə Zelenskinin iradəsi daxilində deyil".

Ekspert deyir ki, Rusiyanın özü də atəşkəsə hazır deyil:

"Rusiya isə ərazi mübadiləsilə qəbullanmır. Ona görə də Moskva danışıqların uzanmasından istifadə edib, Kursk vilayətində itirdiyi əraziləri geri almağa çalışır. Bu da onu göstərir ki, Rusiyanın özü atəşkəsə hələ hazır deyil. Kreml sadəcə vaxt udur. Rusiya belədə özünü toparlaya bilsə, hətta Trampla da belə ritorikanı dəyişə bilər. ABŞ Rusiyaya qarşı presinqləri gücləndirməlidir. Təəssüf ki, onlar presinqi yalnız Kiyevə qarşı etdilər. Atəşkəs üçün sülhə məcburetmə taktikasını hər iki tərəfə tətbiq etmək lazımdır. Gec də olsa Tramp bu qənaətə gələcək".

Həmsöhbətimiz düşünür ki, danışıqlar hələ uzun çəkəcək:

"Zelenski Trampla Ağ Evdə görüşdən sonra digər güc mərkəzlərinə, Aİ-yə, Türkiyəyə, Çinə üz tutdu. Nəticədə ABŞ fərqində oldu ki, təkcə Ukraynanı deyil, həm də Avropadan da dəstəyi itirə və belədə böyük qənimət əldən çıxa bilər. Ona görə də Tramp Kiyevlə əlaqədə maraqlı oldu".

Qeyd edək ki, Ukrayna ilə ABŞ arasında Səudiyyə Ərəbistanında olacaq görüş üçün hər iki tərəfin nümayəndələri artıq Əl-Riyaddadırlar. Bu arada ABŞ dövlət katibi Marko Rubio bildirib ki, onlar sülh üçün Kiyevin hansı güzəştlərə getməyə hazır olduğunu aydınlaşdırmağa çalışacaqlar. Ardınca da o, qeyd edib ki, Vaşinqton Rusiyanın hansı şərtlər daxilində döyüşləri dayandırmaqda maraqlı olduğuna da əmin deyil. 

Onun sözlərinə görə hər iki tərəf güzəştə getməlidir: "Rusiya bütün Ukraynanı tuta bilməyəcək. Eyni zamanda, Ukraynanın da əraziləri tam geri qaytarması mümkünsüzdür".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->