"Yalnız kül bilir sonadək yanmaq nədir” - İosif Brodskinin 1986-cı ildəki şeirindən misradır. Daha doqquz il əvvəl - 1977-ci ildə eston Sovet rejissoru Kalyo Kiysk çəkdiyi filmi bu cür adlandırır: "Ölümün qiymətini ölülərdən soruş”.
Küldən cisim yaranmır, ölülər isə susur. Deməli, sual cavabsız, məsələnin qoyuluşu ritorikdir. İstənilən cavab sadəcə interpretasiya və ya ehtimal olacaq. O da ki, ya təxəyyülün, ya da incəsənətin sayəsində.
Elmin incəsənətdən fərqi həm də ondadır ki, təkrarlananı və qanunauyğun olanı öyrənir. Bu, elmin əsas prinsiplərindəndir - o, təkrarlananlarla məşğul olur və təsadüf, yaxud xəta onun tədqiqat obyekti deyil. Nə ki qanunauyğundur - deməli, həqiqidir və əvvəlcədən proqnozlaşdırmaq olur. Təsadüf isə təkrarlanmır və öncədən bilinmir.
Ancaq incəsənətlə məsələ fərqlidir. O, keçilməmiş yolları, yəni baş verməyənləri təsvir edir. Baş verməmiş hadisələrin tarixi isə heç də az vacib deyil. İncəsənət həmişə olmayanları yaşamaq, geriyə qayıtmaq, yenidən təkrarlamaq və dəyişmək kimi illüzor imkanlar yaradır. İncəsənət - baş verməyənlərin təcrübəsidir. Yaxud da baş verə biləcəklərin.
Biz Kalyo Kiyskin 100 il əvvəlin Estoniyasında (təkcə oradamı? Həm də Finlandiyada, Rumıniyada, Bolqarıstanda... İnqilabların uduzduğu hər yerdə) baş ver(mə)miş o hadisələrdən söz açan filminin adındakı suala elmi cavab tapmaqda acizik. Yalnız incəsənət ehtimali cavab vəd edir və ölülərdən ölümün qiymətini soruşur.
***
Bu, Sovet kinosu üçün qeyri-tipik filmdir. Necə ki, Kalyo Kiysk (1925-2007) qeyri-tipik rejissor və kommunistdi.
1944-cü ildə 19 yaşlı Kiysk nasistlərin tərəfində Sovet ordusuna qarşı vuruşub və bu, onun bioqrafiyasının ümumməlum epizodudur. Ancaq müharibədən sonra heç bir təqibə məruz qalmır, ali təhsil alır, 20-yə yaxın bədii film çəkir, 3 filmə ssenari yazır, onlarla filmdə aktyor kimi rol oynayır. Kommunist partiyasına yazılır, 25 il boyu Estoniya Kinematrofçılar İttifaqının başında dayanır, uzun illər Estoniya SSR Ali Sovetinin, "Yenidənqurma” dövründə SSRİ Xalq deputatları Qurultayının deputatı, habelə eston Kommunist partiyasının Mərkəzi Komitəsinin üzvü olur.
SSRİ-nin süqutundan sonra biz yenə də Kalyo Kiyski iş başında görürük. Bu dəfə o, antikommunist parlamentin antikommunist deputatıdır və əvvəlki quruluşun alovlu tənqidçisidir. 2003-cü ildə parlamenti tərk edərkən Estoniya tarixinin ən yaşlı deputatı idi.
Beləliklə, onillər boyunca Sovet hakimiyyətindən və inqilabçılardan filmlər çəkən rejissor haradan başlamışdısa sonra elə oraya da qayıdır. Dövrə qapanır. Yəqin dəyərlərin dekorasiyaya çevrildiyi dövrlərdə məntiq elə buymuş.
Ancaq məhz bu keşməkeşli, ziddiyyətlərlə dolu ömür yolu zəruriymiş ki, müəllifin hər filmində onun öz içində boğmağa çalışdığı narahatlığını da görə bilək. Onun "Dəlilik” filmində ingilis təyyarəçini tapmaq üçün dəlixaya yerləşdirilən nasist ağlını itirir, axtardığı şəxs isə oralarda yoxdu. "Meşə bənövşələri” filmində "meşə qardaşları”nın komandiri dəli olur. Bəlkə də qəhrəmanlarının psixikasını dəyişməklə rejissor öz ruhi sağlamlığını qorumağa çalışırmış. Verteri öldürüb özü sağ qalan Höte kimi.
"Ölümün qiymətini ölülərdən soruş” filmində isə rejissor məğlub olmuş, hər an həbs və edamını gözləyən inqilabçıların hüdudi vəziyyətini psixoloq məharəti ilə təsvir edir. Yəqin bu xroniki "mühasirə vəziyyəti” də ona yad deyilmiş.
***
Film real hadisələrdən bəhs edir. Baş qəhrəman Anton Sommerin prototipi isə eston kommunistlərinin liderlərindən biri Arnold Sommerlinqdir.
1924-cü ilin burjua Estoniyasında azsaylı kommunistlərə qarşı total repressiyalar baş verir. Kommunistlər son nəfərə qədər məhv ediləcəkləri günü gözləmədən dekabrın 1-də üsyan qaldırır. Bu hazırlıqsız, tələsik üsyan bütün mənalarda məğlubiyyətə məhkum idi. Cəmisi bir neçə saat sonra prezident Fridrix Aker üsyanı yatırır və kütləvi qətllərə xeyir-dua verir (Sənətcə göz həkimi olan bu siyasi qəssab layiqli cəzasını 1941-ci ildə alır - həbs olunur və məhkəmənin hökmü ilə güllələnir).
Dekabr hadisələrindən sonrakı aylarda Estoniya kommunistlərindən çox az adam sağ qala bilir. Məhkəməsiz edamlar o dövrün gündəlik dəhşətinə çevrilir. Kalyo Kiyskin filminin bir qeyri-tipikliyi də ondadır ki, xalqın kommunistlərdən nə qədər uzaqda olduğunu göstərir. Üsyançıları nəinki kütlə, heç yaxın adamları da anlamır.
Sommerin ölümə məhkum olunduğuna dair xəbəri alan həyat yoldaşı bu xəbəri gətirən kommunist Doraya deyir: "Sizə nə var ki, oturmusuz gizli yerlərdə, mənim isə çoxlu işim var - evi yığışdırmaq, uşaqlara baxmaq”. O, edam ərəfəsində əri ilə son görüşdə də Sommeri ittiham edir: "Mənə diqqət etmirdin, çıxıb gedirdim, səni gözləməli olurdum”.
Sommerin atası edam ərəfəsində oğluna deyir: "Mənə qulaq asmadın. Sən mənim ürəyimi sındırmısan”. Yəni, inqilabçını hər yandan anlaşılmazlıq divarları əhatələyib, ən yaxın adamlar belə ona haqq qazandırmır. İfrat tənhalıq bu olsun gərək.
Sommerin özünü liberal adlandıran sinif yoldaşı Bruno onunla danışıqlar üçün türməyə göndərilir. Bu da onun arqumentləri: "Estonlar yeddi əsr müstəqillik arzulayıb. İndi müstəqilik, sən isə hökumətə qarşı çıxırsan”. Yaxud İnqilab haqqında: "Guya nə etmisiz - bir neçə vərəqə, bir neçə iclas, vəssalam”. Sonda isə ittihama keçir: "Sən ölümünü də sirk tamaşasına çevirirsən”. Təslimiyyətə çağırır: "Başa düş ki, sənin ölümünlə hər şey yox olacaq - Tallin də, Paris də, Rembrandt da, hava da, işıq da, yemək də, pivə də”.
Onu Sommerin yanına qeyri-adi təkliflə yollayıblar. Sommer ondan tələb olunan kitabı yazır və sağ qalır. Kitabda isə Estoniyada kommunist inqilabı üçün heç bir şəraitin olmadığını yazmalıdır. Əslində, reallıq da inqilabi şəraitin yetişmədiyini göstərir - obyektiv və subyektiv şərtlər yoxdur, aşağılar passiivdir, bir ovuc insan şəxsi həyatlarından keçərək ümidsiz mübarizəni davam etdirir və onların da ömrü nazik çubuq kimi sındırılır. Yəni, Sommer bunları yazsa, həqiqətdən heç də uzaq olmayacaq, hakimiyyət isə siyasi düşməninin sayəsində çox güclü ideoloji və təbliğati dəlil əldə edəcək ("Bizə onun beyni lazımdır” - cəllada daha çox uyğun gələn müstəntiq deyir).
Ancaq Sommer təklifdən imtina edir. Bu imtina və onun Bruno ilə mübahisəsi heç də ideoloji yox, əxlaqidir. Yəni, Sommer əzabkeşliyi seçən fanatik deyil, yaşamağı sevir, ancaq hakimiyyətlə razılaşmaq əxlaqını itirməkdir. Onun üçün yalnız "daha çox yemək, daha çox içki, daha çox qadın” qayğısı ilə yaşayan dünya dözülməzdir. Məğlub qəhrəman qürurlu qalmağı seçir.
Hökumət isə qisas alır. Sommerə Rusiya ilə razılaşma əldə olunduğunu, onu eston məhkumlarla dəyişərək Moskvaya göndəriləcəyini deyirlər. Sonra isə yolda öldürürlər və mətbuat vasitəsilə car çəkirlər: Sommer guya ki hakimiyyətlə razılığa gəlib, buna görə də kommunistlər yolda pusqu quraraq onu güllələyib. Bir sözlə, satılmaz, qəhrəman şəxsi xain kimi təbliğ edirlər. Sual da cavabsız qalır: Biz onun ölümünün qiymətini bilə bilmirik. Soruşmağa da heç kəs yoxdur. Sat qalan kommunistlər Estoniyanı tərk edib SSRİ-yə gedirlər. "Ən əsası sağ qalmaqdır” - onların rəhbəri deyir.
Kiysk ilk baxışda ekzistensial seçim haqqında film çəkib. Ancaq cəllada bənzəyən müstəntiq də haqlı görünür (o, yeni tipli soyuqqanlı cəlladdır. Onun özünübəraət üçün bütöv məntiq sistemi var) - Seçim illüzordur, rollar yüzillərdir eynidir, qəhrəman ölümü yox, ölüm qəhrəmanı seçir. Və bu seçimin qəhrəmana hansı qiymətə bşa gəldiyini gedin öləndən soruşun...
Məmməd Süleymanov
Şərhlər