"Havalar isinsə də, mənzil bazarında durğunluq müşahidə olunur. Bazarda ümumilikdə qeyri-dinamik vəziyyət yaranıb. İpoteka kreditlərini nəzərə almasaq, 2017-ci ildən bu günə qədər, pandemiya dövrü istisna olmaqla, ən passiv dövr hesab oluna bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında mənzil eksperti Ramil Osmanlı deyib.
O bildirib ki, bazara edilən müraciətlərin sayında kəskin azalma müşahidə olunur:
"Bu, yəqin ki, rəsmi qeydiyyat göstəricilərində də öz əksini tapacaq. Hazırda yeni tikililər bazarında ciddi durğunluq var. Təkrar mənzil bazarında isə ipoteka kreditləri hesabına qismən aktivlik qorunsa da, ötən illə müqayisədə azalma qeydə alınır".
Ramil Osmanlı əlavə edib ki, dəyəri 300 min manatdan yuxarı olan mənzillərdə qiymət ucuzlaşmaları müşahidə olunur:
"Bu, Azərbaycan daşınmaz əmlak bazarı üçün son 10–15 ildə nadir rast gəlinən tendensiyadır. Adətən qiymət azalmaları yalnız qlobal böhranlar zamanı baş verib. Məsələn, 2008-2009-cu illərin dünya maliyyə böhranı və 2015-ci il devalvasiyası dövründə dollar ifadəsində kəskin enişlər müşahidə olunmuşdu. Hazırda isə bazarda əsasən durğunluq var. Bu da xüsusilə bahalı əmlakların qiymətinə təsir edir, kapitallaşma və gəlirlilik səviyyəsi azalır. Məsələn, ötən il 10 min manata icarəyə verilən obyektləri bu il eyni qiymətə vermək çətindir".
Ekspertin sözlərinə görə, mövcud vəziyyət makroiqtisadi amillər fonunda ilin sonuna qədər davam edə bilər:
"Əgər bazara ciddi təsir edəcək yeni faktorlar ortaya çıxmasa, məsələn, Rusiya-Ukrayna müharibəsi fonunda olduğu kimi kütləvi miqrasiya axını baş verməsə qiymətlərdə kəskin dəyişiklik gözlənilmir. Xarici şoklar olmadıqda bu tendensiyanın ilin sonuna, hətta 2027-ci ilin birinci yarısına qədər davam etməsi mümkündür".
Bahar Rüstəmli
Şərhlər