Xəbər lenti

Avropada kirayə haqqı minimum maaşı üstələyir: Ən bahalı Aİ paytaxtı hansıdır?
Dünya 17:07 13.05.2026

Avropada kirayə haqqı minimum maaşı üstələyir: Ən bahalı Aİ paytaxtı hansıdır?

Avropanın bir çox paytaxtında minimum əməkhaqqı kirayə xərclərini qarşılamağa kifayət etmir. Ən böyük fərq Çexiyanın paytaxtı Praqada qeydə alınıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews” yazır.

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) məlumatına görə, Aİ paytaxtlarının əksəriyyətində ikiotaqlı mənzilin orta kirayə haqqı vergidən əvvəlki minimum əməkhaqqını üstələyir. Yalnız minimum əməkhaqqının tətbiq olunduğu beş Aİ ölkəsində kirayə bu göstəricidən aşağıdır.

Ən ağır vəziyyət Praqadadır. Burada ikiotaqlı mənzilin orta kirayəsi 1710 avro təşkil edir, halbuki minimum əməkhaqqı 924 avrodur. Bu isə o deməkdir ki, kirayə üçün minimum maaşın 185%-i tələb olunur.

İkinci yerdə Lissabon qərarlaşıb — 168% göstərici ilə. Portuqaliyada minimum əməkhaqqı 1073 avro olsa da, paytaxtda kirayə 1710 avroya çatır.

Minimum əməkhaqqının kirayəyə nisbəti Budapeştdə 159%, Bratislavada 158%, Sofiyada 154%, Afinada 153% və Riqada 151% təşkil edir. Bu şəhərlərdə minimum əməkhaqqı alan işçilər kirayəni ödəmək üçün bütün gəlirlərini xərcləməli və əlavə vəsait tapmalı olurlar.

Digər paytaxtlarda da vəziyyət oxşardır: Valletta (143%), Paris (138%), Tallin (131%), Madrid (125%), Buxarest (122%), Varşava (117%), Dublin (113%), Lyublyana (105%) və Vilnüs (105%).

Məsələn, Parisdə ikiotaqlı mənzilin orta kirayəsi 2523 avrodur, minimum əməkhaqqı isə 1823 avro təşkil edir. Madriddə isə 1721 avro kirayə qarşılığında minimum maaş 1381 avrodur.

Ən yaxşı göstərici Brüsseldədir: burada minimum əməkhaqqı kirayənin təxminən 70%-ni örtür. Orta kirayə 1476 avro, minimum əməkhaqqı isə 2112 avrodur.

İkinci yerdə Berlin (76%) gəlir. Daha əlverişli vəziyyət Nikosiya (85%), Lüksemburq (87%) və Haaqa (96%) şəhərlərində müşahidə olunur.

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Ester Linç bildirib ki, yüksək mənzil xərcləri və aşağı maaşlar insanları yoxsulluğa sürükləyir və iqtisadi risklər yaradır.

Onun sözlərinə görə, "kirayə ilə əməkhaqqı arasındakı fərq qəbuledilməzdir”. Enerji və ərzaq xərclərinin artması ilə birlikdə işləyən insanlar borc götürməyə məcbur qalır və gündəlik ehtiyaclarını qarşılamaq üçün belə çətinlik çəkirlər.

Eyni zamanda qeyd olunur ki, ölkə səviyyəsində vəziyyət paytaxtlara nisbətən bir qədər yaxşıdır. Məsələn, Polşada minimum əməkhaqqı 1139 avro, orta kirayə isə 376 avrodur. Fransada 1823 avro qarşılığında 695 avro, İspaniyada isə 1381 avro qarşılığında 660 avro təşkil edir.

Avropa Həmkarlar İttifaqları Konfederasiyası Aİ ölkələrini minimum əməkhaqqı direktivini tam tətbiq etməyə, kirayə xərclərini əməkhaqqı hesablamalarına daxil etməyə və sosial mənzil tikintisinə dövlət investisiyalarını artırmağa çağırıb.

Eurostat məlumatlarına görə, Aİ-də təxminən 13 milyon işçi minimum əməkhaqqı və ya ondan da aşağı gəlirlə yaşayır.

Aydın
--> -->