Xəbər lenti

Paşinyanın təhlükəli geosiyasi oyunu (ŞƏRH)
Dünya 12:16 26.05.2026

Paşinyanın təhlükəli geosiyasi oyunu (ŞƏRH)

Ermənistanın siyasi kursunda baş verən dəyişiklik artıq taktiki manevr yox, ciddi geosiyasi istiqamət dəyişikliyi təsiri bağışlayır. Nikol Paşinyan hakimiyyəti bir neçə il əvvələ qədər Rusiyanı Ermənistanın əsas təhlükəsizlik dayağı kimi təqdim edirdi. İndi isə İrəvanın ritorikasında tamamilə fərqli ton hiss olunur. Paşinyan hakimiyyəti tədricən Moskvanın təsir dairəsindən çıxmağa çalışır və bunu gizlətmir.

Əslində bu proses çoxdan başlamışdı. 2020-ci il müharibəsindən sonra Ermənistan cəmiyyətində Rusiyaya qarşı ciddi məyusluq yarandı.  Ermənilər hesab etdilər ki, Kreml onların gözləntilərini doğrultmadı. Qarabağ məsələsinin Ermənistanın istədiyi ssenari üzrə nəticələnməməsi isə bu narazılığı daha da gücləndirdi. Paşinyan da məhz yaranmış psixoloji və siyasi atmosferdən istifadə edərək yeni xarici siyasət xətti formalaşdırmağa başladı.

Bu gün Ermənistanın Avropa İttifaqına yaxınlaşması  sadəcə diplomatik jest deyil. Fransa ilə hərbi əməkdaşlıq, ABŞ-la intensiv təmaslar, KTMT-dən uzaqlaşma və Rusiya ilə münasibətlərdə açıq şəkildə hiss olunan soyuqluq artıq strateji dəyişiklik əlamətləridir. İrəvan anlayır ki, Moskvanın regiondakı imkanları əvvəlki qədər geniş deyil və Kremlin Ukrayna müharibəsinə fokuslanması Ermənistana yeni manevr imkanları yaradıb.

Lakin Paşinyanın qarşısında ciddi dilemma dayanır. Ermənistan iqtisadiyyatının mühüm hissəsi hələ də Rusiyadan asılıdır. Enerji sistemi, ticarət əlaqələri, əmək miqrasiyası və maliyyə axınları Moskva ilə bağlıdır. Başqa sözlə, Ermənistan siyasi baxımdan Qərbə yaxınlaşmaq istəyir, amma iqtisadi baxımdan hələ də Rusiyanın nəfəs borusundan tam ayrıla bilməyib.

Məhz Dmitri Medvedevin açıqlamasının arxasında duran  əsas mesaj da budur. Kremlin keçmiş prezidenti və indiki təhlükəsizlik funksioneri açıq şəkildə Paşinyana xəbərdarlıq edir: həm Avropa İttifaqına inteqrasiya edib, həm də Avrasiya İqtisadi İttifaqının üstünlüklərindən yararlanmaq uzun müddət mümkün olmayacaq. Bu, Rusiyanın klassik siyasi mesajıdır - "iki stulda oturmaq olmaz”.

Moskvanı ən çox narahat edən məsələ isə Paşinyanın daxildə rusiyapərəst qüvvələrə münasibətidir. Bir zamanlar "ruslar bizim strateji müttəfiqimizdir” deyən Paşinyan indi Rusiyaya yaxın fiqurlara şübhə ilə yanaşır. Robert Koçaryanın Kremlin dəstəyinə arxalandığını göstərən iddia olunan səsyazıların yayılması da təsadüfi görünmür. Bu, həm daxili siyasi rəqiblərə mesajdır, həm də Moskvanın Ermənistandakı təsir şəbəkəsinə açıq xəbərdarlıqdır.

Əslində Ermənistanda hazırda səssiz hakimiyyət savaşı gedir. Bir tərəfdə Qərbə inteqrasiyanı yeganə çıxış yolu hesab edən Paşinyan komandası dayanır. Digər tərəfdə isə Rusiyanın regiondakı təsirinin qorunmasını istəyən köhnə siyasi elita və təhlükəsizlik dairələri var. Kreml üçün Ermənistanın tamamilə Qərbə yönəlməsi təkcə siyasi itki deyil, həm də Cənubi Qafqazda strateji mövqelərinin zəifləməsi deməkdir.

Bütün bu proseslər fonunda Azərbaycanın maraqları da diqqət mərkəzindədir. Bakı üçün əsas prioritet bölgədə davamlı sülhün təmin olunması, kommunikasiyaların açılması və Ermənistanın revanşist siyasətdən birdəfəlik imtina etməsidir. Ermənistanın Qərbə yaxınlaşması Azərbaycan üçün müəyyən imkanlar yarada bilər. Çünki Rusiyanın regiondakı təsirinin zəifləməsi Moskvanın uzun illər istifadə etdiyi "dondurulmuş münaqişə” siyasətinin də sıradan çıxmasına səbəb ola bilər.

Lakin məsələnin digər tərəfi də var. Fransa başda olmaqla bəzi Qərb dairələrinin Ermənistanı silahlandırması regionda yeni risklər yaradır. Əgər Qərb Ermənistanı həqiqətən sülhə hazırlamaq əvəzinə onu yenidən hərbi avantüraya həvəsləndirərsə, bu, Cənubi Qafqazda yeni gərginlik ocaqları yarada bilər. Azərbaycan üçün əsas məsələ geosiyasi düşərgələrin toqquşması deyil, regionda sabitliyin qorunmasıdır.

Rəsmi Bakı son illərdə balanslı və çoxvektorlu siyasət yürüdərək həm Rusiya, həm Qərb, həm də regional güclərlə münasibətləri idarə etməyə çalışır. 

Ermənistan isə hazırda emosional və riskli seçim mərhələsində görünür. Paşinyan Rusiyanın təsirindən çıxmağa çalışır, amma Moskvanı tam qarşısına almaq imkanına malik deyil. Kreml də Ermənistanı birdəfəlik itirmək istəmir və bu səbəbdən daxildəki təsir rıçaqlarını hərəkətə gətirir.

Görünən budur ki, İrəvan-Moskva münasibətlərində böhran artıq müvəqqəti gərginlik mərhələsini keçib. Ermənistan geosiyasi seçim anına yaxınlaşır. Bu seçimin  nəticələri isə təkcə İrəvan üçün deyil, bütün Cənubi Qafqaz üçün yeni siyasi reallıq yarada bilər. 

Azərbaycan  isə bu mürəkkəb prosesdə öz milli maraqlarını və regional üstünlüyünü qorumağa çalışan əsas aktorlardan biri olaraq qalır...

Siyasət şöbəsi

--> -->