İran ABŞ və İsrailin zərbələrindən sonra ballistik raketlərin və digər əsas silah sistemlərinin istehsalını bərpa edib.
Qaynarinfo xəbər verir ki, bu barədə İsrail və ABŞ kəşfiyyat məlumatlarına istinadən Mako.co.il və CNN məlumat yayıb.
Məlumata görə, əvvəllər İranın hərbi sənayesinin demək olar ki, tamamilə məhv edildiyi bildirilsə də, yeni qiymətləndirmələr Tehranın artıq bəzi silah növlərinin istehsalını yenidən başladığını göstərir.
İsrail rəsmilərindən biri bildirib ki, İran qorunub saxlanılan komponentlərdən istifadə etməklə, həmçinin təmir edilmiş və ya zərər görməyən istehsal xətlərini işə salmaqla "kritik əhəmiyyətli” silah sistemlərinin məhdud istehsalını bərpa edib.
Söhbət yeni ballistik raketlərin, buraxılış qurğularının, zenit-raket komplekslərinin və pilotsuz uçuş aparatlarının istehsalından gedir. Bundan əlavə, İran döyüş əməliyyatları zamanı tunellərdə bloklanmış raket və buraxılış qurğularını da yenidən istifadəyə qaytarır.
İsrail rəsmiləri hesab edir ki, İran bir neçə ay ərzində hücum dronları şəbəkəsini tam bərpa edə biləcək. Raket istehsalı ilə bağlı proqnozlarda isə bildirilir ki, Tehran istehsal tempini bir il ərzində, hətta daha qısa müddətdə artırmağa nail ola bilər.
CNN-in mənbələrinin məlumatına görə, İranın bu qədər sürətli bərpasına Rusiya və Çinin dəstəyi təsir göstərə bilər. Bundan başqa, ABŞ və İsrailin hücumlarının nəticələrinin əvvəl düşünüldüyü qədər dağıdıcı olmadığı qeyd edilir.
Telekanalın məlumatında vurğulanır ki, Çin ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, İranın raket istehsalı üçün komponent tədarükünü davam etdirib. Lakin tədarükün həcminin blokada səbəbindən məhdud ola biləcəyi bildirilir.
İsrailin baş naziri Benyamin Netanyahu da Çinin İrana "raket istehsalı üçün komponentlər” göndərdiyini iddia edib. Çin Xarici İşlər Nazirliyi isə bu ittihamları təkzib edərək "faktlara əsaslanmadığını” açıqlayıb.
Eyni zamanda, İsrail ordusu etiraf edib ki, İranın bəzi müdafiə sənayesi obyektləri hava zərbələri nəticəsində gözlənildiyindən daha az zərər görüb, bəziləri isə ümumiyyətlə zədələnməyib.
Qeyd edək ki, daha əvvəl "The Washington Post” ABŞ və İran arasında ilkin razılaşmanın əldə olunduğunu, lakin Hörmüz boğazı məsələsinin hələ də açıq qaldığını yazmışdı. Diplomatik mənbələrin sözlərinə görə, memorandum imzalandıqdan sonra İran dərhal Hörmüz boğazını açmalı və 30 gün ərzində gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün addımlar atmalıdır.
Günay
Şərhlər