Xəbər lenti

Brüsseldən gözlənilməz addım: Aİ Talibanla görüşəcək - Miqrasiya siyasətində yeni böhran
Dünya 12:48 26.05.2026

Brüsseldən gözlənilməz addım: Aİ Talibanla görüşəcək - Miqrasiya siyasətində yeni böhran

Avropa İttifaqının (Aİ) Əfqanıstan vətəndaşlarının geri göndərilməsini artırmaq məqsədilə Taliban nümayəndə heyəti ilə görüşməyə hazırlaşması Avropada geniş müzakirələrə səbəb olub. İnsan haqları təşkilatları və siyasətçilər bu addımın Taliban rejiminin faktiki olaraq legitimləşdirilməsi riski yaratdığı barədə xəbərdarlıq edirlər.

Qaynarinfo xəbər verir ki, Avropa Komissiyasının miqrasiya siyasəti çərçivəsində atdığı yeni addımlar Aİ daxilində siyasətçilərin və insan haqları fəallarının etirazı ilə qarşılanır. Son məlumatlara görə, Komissiyanın ciddi insan haqları pozuntuları ilə ittiham olunan Taliban rəhbərliyi ilə Əfqanıstan vətəndaşlarının geri qaytarılması mövzusunda görüşlər keçirməyə hazırlaşması, Aİ-nin təhlükəsizlik və maraq naminə avtoritar rejimlərlə əməkdaşlıq etdiyi barədə mübahisələri gücləndirib.

Analitiklər bildirirlər ki, sərhəd dışı etmə variantlarını genişləndirməyə çalışan Avropa İttifaqı getdikcə daha "qaydasız” yanaşma sərgiləyir. Avropa sərhədlərinin möhkəmləndirilməsi və miqrant axınının azaldılması məqsədilə daha əvvəl Tunis və Misir kimi avtoritar keçmişi olan ölkələrlə anlaşmalar imzalanmışdı. İndi isə növbəti mübahisəli addım gündəmdədir: Komissiya Əfqanıstanda xüsusilə qadınlara və qızlara qarşı ağır insan haqları pozuntuları ilə ittiham olunan Taliban rejimi ilə əlaqə kanalları qurur.

Avropa Komissiyasının deportasiya proseslərini müzakirə etmək üçün Taliban nümayəndə heyətini Brüsselə dəvət etməsi, Avropanın miqrasiya siyasətinin sərhədləri və avtoritar rejimlərin "legitimləşdirilməsi” ilə bağlı debatları yenidən alovlandırıb. İnsan haqları təşkilatları bu addımın Taliban rejiminin de-fakto tanınması anlamına gələ biləcəyini bildirir.
 


Bu addımın arxasında bir sıra tendensiyalar dayanır:

* getdikcə sərtləşən miqrasiya ritorikası
* sığınma prosedurlarının daha da məhdudlaşdırılması
* Aİ xaricində geri göndərmə mərkəzlərinin yaradılması planları

Aİ son illərdə miqrasiya siyasətini mərhələli şəkildə sərtləşdirərək əvvəllər qeyri-mümkün hesab edilən addımları həyata keçirməyə başlayıb. 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban ilə dolayı təmaslar da bu prosesin tərkib hissəsi kimi qiymətləndirilir. Analitiklər bu tendensiyanın II Dünya müharibəsindən sonra formalaşan sığınma sisteminin əsas prinsiplərini zəiflətmək riski daşıdığını bildirirlər.

Aİ Taliban hökumətini rəsmi olaraq tanımır. Buna baxmayaraq, Xarici İşlər Nazirliyi sözçüsü Əbdül Qahar Bəlxi rəhbərliyindəki nümayəndə heyətinin gələn ay Brüsselə səfər edəcəyi və Avropa Komissiyası, Avropa Xarici Fəaliyyət Xidməti və bir sıra üzv ölkə rəsmiləri ilə görüşəcəyi gözlənilir.

Bu təmaslar, Taliban ilə Aİ rəsmiləri arasında Əfqanıstanda keçirilmiş "texniki görüş”dən sonra baş verir. Diplomatik mənbələrə görə, Brüsseldə planlaşdırılan görüşdə əsas məqsəd sığınma hüququ olmayan, xüsusilə cinayət keçmişi olan şəxslərin geri göndərilməsi üçün "praktik və diplomatik” yolların müzakirəsidir. Aİ Sığınacaq Agentliyinin məlumatlarına görə, ötən il əfqanlar 17 min müraciətlə Aİ-də ən çox sığınma istəyən qruplardan biri olub.

Avropa Parlamentində sosial demokratlar və sol qruplar bu təşəbbüsə sərt reaksiya veriblər. Bildirilir ki, Talibanla görüş qərarı təxminən 20 ölkənin Brüsselə etdiyi və geri göndərmələrin artırılmasını tələb edən çağırışlardan sonra gündəmə gəlib. Bu ölkələr arasında Almaniya, İsveç, Belçika, Avstriya, İtaliya, Niderland və Polşa yer alır, İspaniya isə bu təşəbbüsə qoşulmayıb.

Avropa Parlamentinin Vətəndaş Azadlıqları, Ədliyyə və Daxili İşlər Komitəsinin üzvü Xuan Fernando Lopes Aqilar bu xəbərə kəskin etiraz edib.

Qeyd edilməlidir ki, Qərb ölkələri 2021-ci ildə Əfqanıstandan minlərlə insanın təxliyəsi üçün genişmiqyaslı əməliyyatlar həyata keçirmişdi. Avropa Parlamenti 2024 və 2025-ci illərdə Taliban rejimini qadınlara qarşı sistematik təzyiqlərə görə kəskin şəkildə tənqid etmiş və vəziyyəti "gender aparteidi” kimi qiymətləndirən qətnamələr qəbul etmişdi.

Aqilar açıqlamasında deyib: "Avropa Komissiyası necə oldu ki, heç bir təhlükəsizlik təminatı olmadan və insan haqlarını nəzərə almadan əfqanları geri göndərmə yollarını müzakirə etmək üçün Talibanı Brüsselə dəvət edəcək qədər irəli gedib?"

Beynəlxalq təşkilatlar və miqrasiya hüquqları üzrə PICUM platformasından Kiyara Katelli bildirir ki, bu proses bəzi üzv ölkələrin üçüncü ölkələrlə deportasiya sazişləri bağlama təzyiqlərinin nəticəsidir. Onun sözlərinə görə, bu ölkələr arasında insan haqları vəziyyəti zəif olan rejimlər də var.

Beynəlxalq Amnistiya Təşkilatı isə bəyan edib ki, Aİ və üzv ölkələrin əfqanları zorla geri qaytarmaq istiqamətində sürətli addımları qanunsuz və reallıqdan uzaqdır. Bəyanatda vurğulanır ki, bu addımlar insanların niyə qaçdığını və geri dönəcəkləri halda üzləşəcəkləri təhlükəni nəzərə almır və "geri göndərməmə prinsipi”ni pozur.

İnsan haqları təşkilatları Aİ-nin daha sərt miqrasiya siyasəti naminə əsas hüquqları zəiflətməsi barədə xəbərdarlıq edir. Avropa Şurası da uzunmüddətli saxlanma, apellyasiya hüquqlarının məhdudlaşdırılması və təhlükəsiz olmayan ölkələrə deportasiya risklərinə diqqət çəkib.

Katelli qeyd edir ki, 2024-cü ildən bəri Aİ Miqrasiya və Qaçqın Paktı çərçivəsində daha sərt xəttə doğru sürətlə dəyişir. Onun sözlərinə görə, yeni Geri Göndərmə Qaydası saxlanma müddətlərini artıracaq, ailələrin ayrılmasına səbəb ola biləcək və insanları heç bir bağlarının olmadığı ölkələrə göndərməyə imkan verəcək.

Aİ rəsmilərinin açıqlamalarına görə, hazırda deportasiya qərarlarının yalnız təxminən 20 faizi icra olunur və bu göstərici "qəbuledilməz” hesab edilir. Talibanla görüş də bu icra faizini artırmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.

Lopes Aqilar isə prosesi daha geniş kontekstdə dəyərləndirərək bunun Avropanın getdikcə daha qapalı siyasətə yönəldiyini bildirib. Onun sözlərinə görə, bu tendensiya həm yeni geri göndərmə qaydalarını, həm də bəzi ölkələrin Aİ xaricində deportasiya mərkəzləri yaratmaq planlarını əhatə edir.

O əlavə edib: "Taliban ilə münasibət qurmaq Avropa Birliyinin müdafiə etməli olduğu etik standartları ciddi şəkildə aşındırır".

Aydın
--> -->