Xəbər lenti

Texnologiya 21:49 23.01.2026

"Optimus" 2027-ci ildə gələcək? - Maskın vədi yenidən mübahisələrə səbəb oldu

İlon Mask İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda "Tesla"nın insanabənzər robotu "Optimus" haqqında diqqət çəkici açıqlamalar verib.

Qaynarinfo xəbər verir ki, Maskın sözlərinə görə, "Optimus" robotları 2027-ci ilin sonuna qədər ictimaiyyət üçün satışa çıxarılacaq.

Lakin Maskın əvvəlki vədlərinin çoxunun yerinə yetmədiyi nəzərə alınarsa, bu hədəfin nə dərəcədə real olduğu mübahisəlidir. "Optimus" nəzəri olaraq insan kimi müxtəlif vəzifələri yerinə yetirə bilən bir robot olaraq hazırlanıb.

Mask mümkün gecikmələr üçün özünə çıxış yolu saxlayıb: "Optimus" yalnız "Tesla"nın yüksək etibarlılıq, yüksək səviyyəli təhlükəsizlik və geniş funksionallıq barədə tam əmin olduğu halda bazara təqdim olunacaq.

"Tesla" fabriklərində robotların artıq bəzi sadə vəzifələri yerinə yetirdiyi iddia olunmasına baxmayaraq, bu açıqlamaları dəstəkləyən real sübut yoxdur. Bundan başqa, əvvəllər təqdim olunan demoların bir qismi robotların "avtonom” kimi göstərildiyini, əslində isə uzaqdan insan operatorları tərəfindən idarə olunduğunu göstərir.

Buna baxmayaraq, investorlar Maskın açıqlamasına müsbət reaksiya verib və "Tesla" səhmləri 3%-dən çox artıb. Digər tərəfdən, "Optimus" layihəsinin rəhbəri Milan Kovaçın "Tesla"dan ayrılması, layihənin gələcəyi ilə bağlı suallar yaradıb.

Ekspertlər bildirirlər ki, "Optimus"un 2027-ci ilə qədər tam avtonom və mürəkkəb vəzifələri yerinə yetirən bir robot halına gəlməsi çox çətin görünür. Bu səbəbdən Maskın təqvimi, süni intellekt və təkillik mövzusundakı əvvəlki iddialarla eyni kateqoriyaya qoyula bilər.

Eyni tədbirdə Mask uzun müddət gözlənilən "Cybercab" layihəsinə də toxunub. Sükan olmayan bu avtomobil 2026-cı ilin aprelində istehsala çıxarılacaq və hədəf illik 2 milyon avtomobil istehsalıdır. Bu vəd "Optimus" qədər iddialı görünməsə də, sükanı olmayan iki nəfərlik avtomobil üçün tələb nə qədər yüksək olacaq, bu hələ sual altındadır.

Aydın
--> -->