Xəbər lenti

Texnologiya 11:10 31.03.2026

"iPhone"lar üçün yeni təhlükə: bir klik olmadan cihazlara sızır

Vaxtilə yalnız dövlət qurumları və xüsusi xidmət orqanlarının istifadə etdiyi casus proqramlar artıq kibercinayətkar qrupların əlinə keçib. Mütəxəssislər xəbərdarlıq edir ki, "iPhone" cihazlarını hədəf alan bu zərərli proqramlar istifadəçinin heç bir əməliyyat aparmasına ehtiyac olmadan, sadəcə yoluxdurulmuş veb-sayta daxil olmaqla telefona sızır.

Qaynarinfo xəbər verir ki, araşdırmalara görə, yüz milyonlarla "Apple" istifadəçisinin şəxsi məlumatlarını ələ keçirmək potensialına malik yeni casus proqramlar aşkarlanıb. Bildirilir ki, kibercinayətkarlar əvvəllər əsasən hüquq-mühafizə orqanları tərəfindən istifadə edilən mürəkkəb sındırma alətlərindən yararlanırlar. Bu isə şəxsi mesajların, şəkillərin, qeydlərin və digər həssas məlumatların təhlükə altında olduğunu göstərir.

"Google" tədqiqatçıları tərəfindən aşkar edilən "Coruna” adlı alətin ilkin olaraq ABŞ-da adı açıqlanmayan dövlət qurumu üçün hazırlandığı, lakin sonradan çinli xakerlərin əlinə keçdiyi bildirilir. Məlumata görə, proqram saxta kripto və maliyyə platformalarına yerləşdirilərək istifadəçilərin cihazlarına yayılıb.

Mütəxəssislər bildirir ki, hücumun ən təhlükəli tərəfi istifadəçinin heç bir linkə klik etməsinə və ya fayl yükləməsinə ehtiyac qalmamasıdır. Sadəcə zərərli saytı ziyarət etmək kifayət edir.

Bundan əlavə, eyni serverdə "DarkSword” adlı başqa bir casus proqramın da aşkarlandığı qeyd olunur. Bu proqram "su mənbəyi” (watering hole) hücumları vasitəsilə əsasən müəyyən saytlara daxil olan istifadəçiləri hədəf alır. Onun Ukrayna ilə əlaqəli xəbər və dövlət saytları üzərindən yayıldığı bildirilir.

Məlumata görə, "DarkSword” cihazlara daxil olduqdan sonra istifadəçinin mesajlaşmalarına (!iMessage", "WhatsApp", "Telegram"), geolokasiya məlumatlarına, kontakt siyahısına, zəng tarixçəsinə, Wi-Fi parametrlərinə və brauzer məlumatlarına çıxış əldə edə bilir.

Ekspertlər vurğulayır ki, bu tip alətlərin kodlarının gizlədilməməsi onların daha geniş yayılmasına şərait yaradır. Bu isə hətta az təcrübəli kibercinayətkarların belə həmin proqramlardan istifadə edə bilməsi deməkdir.

"Apple" şirkəti isə açıqlamasında bildirib ki, aşkar edilən təhlükəsizlik boşluqları son iOS yeniləmələri ilə aradan qaldırılıb. Şirkət həmçinin köhnə cihazlar üçün də əlavə təhlükəsizlik yeniləmələri təqdim edib və Safari brauzerinin zərərli keçidlərin qarşısını aldığını qeyd edib.

İnformasiya texnologiyaları üzrə ekspert Prof. Dr. Ali Murat Kırık bildirir ki, "iPhone"ların "tam təhlükəsiz” olması barədə formalaşmış fikir reallığı əks etdirmir: "Əvvəllər hücum etmək daha çətin idi, lakin bu, mümkünsüz deyildi. Bu gün isə hücum metodları daha mürəkkəb və effektiv hala gəlib”.

Onun sözlərinə görə, artıq istifadəçinin diqqətli olması belə tam təhlükəsizlik təmin etmir: "Sadəcə zərərli sayta daxil olmaq kifayət edir. Hətta etibarlı görünən saytlar belə ələ keçirilərək istifadə oluna bilər”.

Ekspert əlavə edib ki, bu tip casus proqramlar çox vaxt sistemdə iz buraxmadan fəaliyyət göstərir və qısa müddətdə məlumatları toplayaraq yoxa çıxır. Bu isə onların aşkarlanmasını xeyli çətinləşdirir.

Mütəxəssislər istifadəçilərə cihazlarını mütəmadi yeniləməyi, şübhəli hallara diqqət yetirməyi və əlavə təhlükəsizlik funksiyalarından istifadə etməyi tövsiyə edir.

Qeyd olunur ki, bu cür hücumlar artıq yalnız müəyyən hədəf qruplarla məhdudlaşmır və geniş istifadəçi kütləsini əhatə edir. Buna görə də fərdi kibertəhlükəsizlik vərdişlərinin gücləndirilməsi zəruri hesab olunur.
 
Günay
--> -->