Alimlər ilk dəfə "Homo erectus” fosillərindən əldə edilmiş genetik məlumatı araşdırıblar. Nəticələr göstərir ki, insanın qədim qohumu denisovalılarla və dolayısı ilə müasir insanlarla sıx əlaqəli ola bilərdi.
Qaynarinfo xəbər verir ki, bu barədə "ng.24.hu” yazır.
Araşdırma çərçivəsində Çində tapılmış, yaşı təxminən 400 min il olan "Homo erectus” qalıqları tədqiq edilib. Çin Elmlər Akademiyasının tədqiqatçısı Fu Syaomey və həmkarları altı fərdin diş minasından zülallar çıxarıblar. Belə qədim fosillərdən indiyədək DNT əldə olunmasa da, zülallar daha davamlı olduğundan insan təkamülünü öyrənmək üçün yeni imkan yaradır.
Analizin ən maraqlı nəticələrindən biri iki unikal amin turşusu variantının aşkar olunmasıdır. Onlardan biri yalnız "Homo erectus” fərdlərində müşahidə edilib, digəri isə həm "Homo erectus”, həm də denisovalılarda tapılıb. Tədqiqatçıların sözlərinə görə, bu genetik irs denisovalılarla qarışma nəticəsində bəzi "Homo sapiens” qruplarına da keçib. Araşdırmanın nəticələri insan təkamülü ilə bağlı yeni detalları üzə çıxarır.
"Homo erectus” Afrikadan kənara çıxan ilk insan əcdadı hesab olunur. O, təxminən 1,8 milyon il əvvəl qitəni tərk edərək Avrasiya boyunca yayılıb. Bu növ nisbətən böyük beyinə malik idi, mürəkkəb daş alətlər hazırlayırdı və olduqca uzun müddət mövcud olub – təxminən 108 min il əvvəl yoxa çıxdığı hesab edilir.
Araşdırma yeni suallar da ortaya qoyur. Belə ki, orta pleystosen dövründə (təxminən 774 min ildən 129 min il əvvələ qədər) Afrika və Avrasiyada eyni vaxtda bir neçə insan qrupu yaşayırdı. Bunlara "Homo erectus”, neandertallar, denisovalılar və erkən "Homo sapiens” daxildir. Bu dövr alimlər tərəfindən tez-tez "orta pleystosen xaosu” adlandırılır, çünki həmin qrupların necə birgə yaşadığını anlamaq olduqca çətindir.
Viskonsin-Medison Universitetinin paleoantropoloqu Con Hoks hesab edir ki, yeni məlumatlar insan təkamülünün ayrı-ayrı növlərin inkişafından daha çox müxtəlif populyasiyaların qarışması nəticəsində formalaşdığını göstərir.
Alimlər hələ də "Homo erectus”un tam təkamül tarixini dəqiq bərpa edə bilməsələr də, əldə olunan nəticələr insanın genealogiya ağacının əvvəl düşünüləndən daha mürəkkəb və müxtəlif olduğunu bir daha təsdiqləyir.
Aydın
Şərhlər