Xəbər lenti

Dünyada yeni trend:
Dünya 14:24 28.05.2026

Dünyada yeni trend: "Səssiz məzuniyyət" nədir?

İşəgötürənlər "quiet quitting” — yəni əməkdaşların rəsmi şəkildə işdən ayrılmadan emosional olaraq işdən uzaqlaşması fenomeninə yeni alışdığı bir vaxtda, artıq başqa bir trend yayılmağa başlayıb.
 
Qaynarinfo xəbər verir ki, "Fortune” nəşrinin yazdığına görə, indi getdikcə daha çox əməkdaş "səssiz məzuniyyət” adlanan üsula əl atır — gizlicə istirahətə gedir, amma işləməyə davam etdiyini göstərir.

Bu tendensiya xüsusilə Y nəsli — təxminən 1980-ci illərin əvvəlindən 1990-cı illərin ortalarınadək doğulan insanlar arasında geniş yayılıb. "Harris Poll” araşdırmasına əsasən, bu nəslin əməkdaşlarının təxminən 40 faizi ən azı bir dəfə rəhbərliyə xəbər vermədən məzuniyyətə çıxıb.

Belə işçilər özləri ilə iş noutbukları və telefonları götürür, vaxtaşırı məktublara və ya "Slack” mesajlarına cavab verərək onlayn olduqları təəssüratı yaradırlar. Halbuki onlar həmin vaxt çimərlikdə və ya başqa ölkədə ola bilərlər.

Bu gizli "iş zamanı istirahət” forması məsafədən iş modelinin davamı kimi qiymətləndirilir. Çünki uzaqdan iş şəraitində əməkdaşın real olaraq harada olduğunu izləmək daha çətindir.

Araşdırmaçılar bildirirlər ki, belə davranışın əsas səbəbi işdən yayınmaq istəyi deyil, tənbəl görünmək və ya karyera imkanlarını itirmək qorxusudur.

Gənc nəslə dair stereotiplərə baxmayaraq, məhz millenniallar iş prosesinə daim bağlı olduqlarını göstərməyə daha çox çalışırlar. Onlar kompüteri aktiv vəziyyətdə saxlayır, artıq iş təəssüratı yaratmaq üçün mesajları gecikmə ilə göndərir və ya istirahət zamanı vaxtaşırı əlaqəyə çıxırlar.

Bunun əksinə olaraq, Z nəslinin nümayəndələri, həmçinin X nəsli və "baby boomer” adlandırılan daha yaşlı əməkdaşlar məzuniyyətlərini gizlətməyə daha az meyllidirlər.

"Resume Builder” tərəfindən 2024-cü ildə aparılmış digər araşdırma göstərib ki, "səssiz məzuniyyət” edənlərin 43 faizi şirkət hesabına üç günədək əlavə istirahət edir, hər dörd nəfərdən biri isə bütöv bir iş həftəsini bu şəkildə keçirir.

Bunun əsas səbəbi yenə də işlə bağlı narahatlıqdır.

Məqalədə qeyd olunur:

"İşçilərin bu qədər radikal addımlara əl atmasının əsas səbəbi narahatlıqdır. Hər beş əməkdaşdan ikisi ödənişli məzuniyyət götürməyin iş təhlükəsizliyinə necə təsir edəcəyindən narahatdır. Millennialların isə hər 10 nəfərindən dördü səssiz məzuniyyət edir”.

Karyera məsləhətçisi Kayl Elliott bildirir ki, işəgötürənlər belə əməkdaşları davranış dəyişikliklərinə görə müəyyən edə bilərlər.

Əgər adətən mesajlara bir neçə dəqiqə ərzində cavab verən əməkdaş qəfil uzun fasilələrlə yazmağa başlayırsa və ya qeyri-adi saatlarda aktiv olursa, bu, onun başqa saat qurşağında olmasına və ya istirahətdə işləməsinə işarə edə bilər.

Ekspertin fikrincə, problem sadəcə "işdən yayınmaq” məsələsindən daha dərindir. Onun sözlərinə görə, "səssiz məzuniyyətlərin” geniş yayılması əməkdaşların özlərini psixoloji baxımdan təhlükəsiz hiss etmədiyi toksik korporativ mühitin əlaməti ola bilər.

Mütəxəssislər şirkətlərə uzaqdan iş və məzuniyyət qaydalarını daha aydın şəkildə müəyyənləşdirməyi tövsiyə edirlər ki, əməkdaşlar qanuni istirahətlərini açıq şəkildə götürməkdən çəkinməsinlər.

Aydın
--> -->