Xəbər lenti

Humanitar Kollecdə
Foto 12:31 28.05.2026

Humanitar Kollecdə "Səhnədə işıqlar yananda" adlı konsert keçirildi (FOTO)

Humanitar Kollecin 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş "Səhnədə işıqlar yananda” adlı təntənəli hesabat konserti baş tutub.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova, MÜTDA nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyətinin təmsilçiləri, digər kolleclərin direktorları və əməkdaşları iştirak ediblər. Konsertin media tərəfdaşları qismində isə "Editor.az” və "Azxeber.com” portallarının baş redaktorları qonaq olublar.

Konsertin rəsmi hissəsində çıxış edən Humanitar Kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralova rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, kollecin uğurları və ona göstərilən diqqət və qayğıdan söz açıb. O, tədbirin həm də 28 May – Müstəqillik Günü və müqəddəs Qurban bayramı ərəfəsinə təsadüf etməsinin xüsusi məna daşıdığını vurğulayıb. Direktor, yaxın zamanda 90 illik yubileyini qeyd etməyə hazırlaşan Humanitar Kollecin zəngin ənənələrinin uğurla davam etdirildiyini bildirib.

Rəsmi hissənin ardından Humanitar Kollecin müəllimi, bədii rəhbər Ədalət Behbudovun idarə etdiyi ansamblın müşayiəti ilə rəngarəng konsert proqramı təqdim olunub. Səhnədə milli musiqi nümunələri ilə yanaşı dünya klassikləri və müasir kompozisiyalar səsləndirilib. "Rəng”, "Bulaq suyu, dağ havası”, "Tez gəl”, "Hit the Road Jack”, "Yadıma düşdü”, "Quizás”, "Bayatı-Şiraz kompozisiyası”, "Zəngəzur” və "Səhnədə işıqlar yananda” kimi müxtəlif janrlı bədii nömrələr tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsert proqramı "Mehriban insanlar” mahnısı və bütün tələbələrin birgə ifasında səslənən möhtəşəm "Ey Azərbaycanım” final nömrəsi ilə yekunlaşıb.
--> -->