Xəbər lenti

Hüquq-müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə və birinci xanıma təşəkkür etdi
Siyasət 17:03 26.02.2025

Hüquq-müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə və birinci xanıma təşəkkür etdi

Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupu jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması ilə əlaqədar Azərbaycan Prezidentinə təşəkkür məktubu ünvanlayıb.

"Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupu olaraq jurnalist Şahnaz Bəylərqızının sağlamlığı nəzərə alınaraq ev dustaqlığına buraxılması ilə bağlı müraciətimizin diqqətə alınmasına və onun bu gün ailəsinə qovuşmasına görə Azərbaycan Prezidenti İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Biz daim konstruktiv dialoqun tərəfdarı olmuşuq və bundan sonra da fəaliyyətimizdə əlimizdən gələni edəcəyik" – müraciətdə deyilir.

Fevralın 26-da Xətai Rayon Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin edib.

Jurnalist fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 15 gün müddətinə həbs olunmuşdu.

Bir müddət öncə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı fevralın 11-də həbs olunan jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə müraciət ediblər. Bu çərçivədə onlar Daxili İşlər Nazirliyində qəbul olunublar.

Bundan əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Şahnaz Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->