Xəbər lenti

Unudulmayan Nazim Süleymanov
Amal Abuşov
İdman 13:41 17.02.2025

Unudulmayan Nazim Süleymanov

- Sizə Rusiya millisindən dəvət gəlmişdi?

- SSRİ dağıldıqdan sonra Rusiya Futbol İttifaqının rəhbərləri istəyirdi ki, onların millisində oynayım. Onda Azərbaycan millisi təzə formalaşmağa başlayırdı. Azərbaycan qala-qala necə Rusiya millisində oynaya bilərdim? Bu, qeyri-mümkün olan bir şeydi.

- Axı sizi "Neftçi”dən qovmuşdular. Niyə qayıtdınız?

- 1-2 nəfərlə nə olacaq? Məni "Neftçi”dən qovmuşdular, Azərbaycandan qovmamışdılar ki... Fəxrlə öz millimin təklifini qəbul etdim.

...Bu sətirləri Nazim Süleymanovun 10 il bundan əvvəl "Report”a verdiyi müsahibədən götürmüşəm. Həmin vaxt 50 yaşını qeyd edən ötənlərin məşhur futbolçusu bu gün 60-ı tamamlayır. Qəribədir ki, ötən 10 ildə ona qarşı sərgilənən soyuqluq, diqqətsizlik zərrə qədər də olsun azalmayıb. Əksinə, daha da çoxalıb. Sanki unutdurmağa çalışırlar. Azərbaycan futbolunda belə bir istedadlı insanın olduğunu qəbul etmək istəmirlər. Heç bir yerdə baş məşqçi kimi işləyəməyən əcnəbilər Azərbaycanda böyük etimad görür, onlara ölkənin ən zəngin klubları tapşırılır. Milyonluq klublarımız eksprement meydanına çevrilir. Son illərdə ölkəmizə gəlib-gedən xarici mütəxəssislərin sayını-hesabını itirmişik. Di gəl ki, onlara yaradılan şəraitin, göstərilən etimadın onda biri qanı qanımızdan, canı canımızdan olan Nazim Süleymanova yardılmır, göstərilmir.

AFFA-da vəzifə tutanların, klublarımızı idarə edənlərin mütləq əksəriyyəti futboldan kənar sahələrdən gəliblər. Basketbol Federasiyasından gələnini də görmüşük, kommersiya şirkətlərindən də. Gələnlərin də heç biri uğur qazana bilmir, ayrılan büdcəni dağıtmaqla məşğul olurlar. Elə bunun nəticəsidir ki, illərimiz və milyonlarımız havaya sovrulur. Amma bircə dəfə çağırıb demirlər ki, "ay Nazim Süleymanov, hardasan, nə işlə məşğul olursan, nəylə dolanırsan? Bəlkə, AFFA-dakı bu strukturu, yaxud da filan klubun rəhbərliyini sizə tapşıraq?” Özləri də yaxşı bilir ki, Nazim Süleymanov onların tapdığı, iş tapşırdığı adamların az qala hamısından daha bacarıqlı, daha halal adamdır. Onun indiyə qədər kimsənin nə malında, nə də ki, yerində gözü olmayıb. Hərdən fikirləşirəm ki, Nazim Süleymanovdan qorxmalarının bir səbədi də elə budur. Onlara dürüst, vicdanlı adam lazım deyil...

İllər öncə Nazim Süleymanov futbol veteranlarını başına toplayıb, həmkarlar ittifaqı tipində bir təşkilat yaratmaq istəyirdi. Bununla da futbol veteranlarının qayğılarını gündəmə gətirmək, onların həllinə nail olmaq istəyirdi. Çalışırdı ki, veteranlara hörmət qoysunlar, onları taleyin ümidinə buraxmasınlar. AFFA-nın o vaxtkı baş katibi Elxan Məmmədov az qaldı ki, bu istəyinə görə Süleymanovu tribunala verdirsin, xalq düşməni kimi güllələtdirsin. Dərhal da bir-iki nəfəri yanlarına çağırıb, ağzına yal sürtdülər, veteranları parçaladılar. Elə görüntü yarandı ki, Nazim Süleymanov futbolumuzun düşmənidir, onun yanında olanlar da düşmənin havadarları. AFFA özü təşəbbüs göstərib, veteranları dinləməkdən, həmkarlar ittifaqına fəaliyyət göstərmək üçün şərait yaratmaqdansa, Nazim bəyə təzyiq göstərməyə başladılar. Onların üzünə məkanlar qapadıldı, toplantı keçirməyə belə imkan vermədilər. Qabaqlarına atılan qəpik-quruşa görə susanlar da onu yarıyolda buraxdılar.

Vətənini sevən, Azərbaycan futbolu üçün illərini, sağlamlığını qurban verən Nazim Süleymanov məqsədli şəkildə bu gün kənarda saxlanılır, ona futbol sahəsində işləməyə imkan vermirlər. Onun sonuncu iş yeri qalmaqallı "İrəvan” idi. Mənim bildiyimə görə heç ordan da maaşını düz-əməlli ala bilmədi. Həmin vaxt çoxları Süleymanovu "İrəvan”da işlədiyinə görə qınayırdı da. Nazim bəy həmin qınaq sahiblərinə belə bir sual ünvanlamışdı: "Bəs mən harda işləməliyəm?” Haqlı imiş. "İrəvan” dağılıb, Süleymanov işsiz qalıb. O qınağı səsləndirənlər indi soruşmur ki, Sülüymanov niyə işləmir. Heç zəng vurub, kef-əhvalını xəbər alan da yoxdur.

60 yaşını tamamlayan Nazim Süleymanov barədə çox söz yazmaq olar. Onun Rusiyada necə sevildiyinin, Dağıstandan Vladiqafqaza qədər adının necə ehtiramla çəkildiyinin canlı şahidiyəm. Təəssüflər olsun ki, bu sevgi canı qədər sevdiyi vətənində ona göstərilmir. Bu gün əziz gündür, şikayətlənmək, bədbin danışmaq zamanı deyil. Ona görə də yazımı nikbin notlarla tamamlayıram. Bir şey dəqiqdir ki, səlahiyyət sahiblərindən fərqli olaraq, sıravi azarkeşlər və qələm əhlinin vicdanlı kəsimi Nazim Süleymanovu yüksək qiymətləndirir, onu unutmur. Elə mənəviyyata önəm verənlər üçün ən vacibi də odur.

Yubileyiniz mübarək, unudulmaz Nazim Süleymanov!

Amal Abuşov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->