Bosniya və Herseqovina (BH) məhkəməsi Serb Respublikası (RS) prezidenti Milorad Dodikə bir il həbs və 6 il siyasi fəaliyyət qadağası kəsib.
Qaynarinfo xəbər verir ki, Bosniya serblərinin lideri beynəlxalq ictimaiyyətin yüksək nümayəndəsi, respublikada xarici menecer kimi fəaliyyət göstərən Kristian Şmidtin qərarlarına məhəl qoymamaqda ittiham edilib.
Dodik özü məhkəmədə iştirak etməyib. "Narahat olmağa heç bir əsas yoxdur, mən daha çətin işlərin öhdəsindən gəlməyi öyrənmişəm. Mənim üçün burada olmanız və məni dəstəkləməyiniz vacibdir", deyə Dodik Serb Respublikasının paytaxtı Banya Lukada keçirilən mitinqdə bildirib.
Serb Respublikası rəhbərliyi bundan əvvəl Dodik günahkar bilinəcəyi təqdirdə müstəqillik elan edəcəyi ilə hədələmişdi. Bundan əvvəl ABŞ bəyan etmişdi ki, Milorad Dodikin hərəkətləri Serb Respublikasının özü, Bosniya və bütün Balkan yarımadası üçün təhlükədir. Serbiya prezidenti Aleksandr Vuçiç fevralın 17-də keçirilən məhkəmə prosesini şərh edərək, Bosniyanın regionun sabitliyini təhdid edəcək qərarlar verməyəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Bosniya və Herseqovina iki qurumdan - Bosniya və Herseqovina Federasiyası (Xorvat-müsəlman) və Serb Respublikasından ibarətdir. Onların arasında beynəlxalq idarəçilikdə olan Brcko rayonu yerləşir. Hökumət sistemində üç əsas xalq təmsil olunur: boşnaklar (islam slavyanları), xorvatlar (katoliklər) və serblər (pravoslavlar). Hər bir qurumun öz konstitusiyası və icra orqanı var.
Aydın
Şərhlər