"Strateji baxımdan İranla Rusiyanın yaxınlaşması daha çox situativ xarakter daşıyır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İranla Rusiya arasında gözlənilən Hərtərəfli Strateji Sazişin imzalanmasının gecikməsini şərh edərkən deyib.
Azər Hüseynov bildirib ki, İran və Rusiya arasında müəyyən ortaq maraqlar mövcuddur və bu maraqlar müxtəlif regionlarda üst-üstə düşə bilər:
"Lakin strateji baxımdan İranla Rusiyanın yaxınlaşması daha çox situativ xarakter daşıyır. Bu əməkdaşlıq, əsasən, qlobal və regional dəyişikliklərə uyğun olaraq formalaşır və hər iki ölkənin konkret maraqlarına əsaslanır. Məsələn, Suriyada Rusiya və İran arasında müəyyən birgə fəaliyyət mövcud idi. Bu əməkdaşlıq əsasən ABŞ-ın təsirinə qarşı yönəlmişdi. İran üçün ABŞ-ın bölgədə güclənməsi İsrailin mövqeyinin daha da möhkəmlənməsi deməkdir. Bu səbəbdən İran Rusiya ilə birlikdə ABŞ-ın təsirini məhdudlaşdırmağa çalışırdı. Lakin ABŞ-da hakimiyyət dəyişikliyi baş verib və artıq Tramp administrasiyası iqtidardadır. Baydenin dövründə mövcud olan yanaşmalar Tramp tərəfindən dəyişdirilir və hətta bəzi məsələlərdə Rusiya ilə ABŞ arasında müəyyən yaxınlaşmalar müşahidə olunur".
Ekspertə görə, bunun bariz nümunəsi kimi Tramp administrasiyasının Ukraynanın BMT-də dəstəklənməsinə veto qoymasını göstərmək olar:
"Bu proses davam edərsə, Rusiyanın İrana ehtiyacı da azalacaq. Hazırda Rusiya üçün əsas prioritetlərdən biri Amerika ilə münasibətlərin dərinləşdirilməsidir. Hazırkı şəraitdə Rusiya və ABŞ maraq dairələrini danışıqlar masasında bölüşdürməyə çalışırlar. Bu isə İran üçün ciddi narahatlıq doğurur, çünki belə davam edərsə, Moskva-Tehran münasibətlərinin intensivliyi azala bilər".
Həmsöhbətimizə görə, İranın bu vəziyyətdən narahat olmasının səbəbi odur ki, Rusiya ilə münasibətlərin zəifləməsi onun regional siyasətinə və beynəlxalq platformalarda mövqeyinə mənfi təsir edə bilər:
"Beləliklə, İran və Rusiya arasında əməkdaşlıq tamamilə mövcud geosiyasi kontekstdən asılıdır və hər iki ölkə üçün dəyişən qlobal şərtlərə uyğun olaraq yeni prioritetlər formalaşa bilər".
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Tehranla Moskvanın regional və beynəlxalq məsəslələrə yanaşmasının eyni olduğunu bildirib. Pezeşkian regional qarşılıqlı fəaliyyət prosesinin davam etdirilməsi, ümumi razılaşmaların, xüsusilə də iki ölkə arasındakı Hərtərəfli Strateji Sazişin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini də qabardıb.
Rüfət Sultan
Şərhlər